Qaz pulu borcu olanlara şad xəbər
Prezident qaz borclarını sildi
Azərbaycan Prezidenti İlham Əliyev əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə fərman imzalayıb. Fərmanda qeyd edilir ki, respublikada təbii qaz istehlakçıları üzrə sayğacların quraşdırılmasınadək olan dövrdə istehlakçılar və xüsusilə əhali tərəfindən istifadə edilmiş təbii qazın dəyərinin tam ödənilməməsi illər üzrə borcların yığılmasına səbəb olub.
Təbii qazın istifadəsinə görə iri miqdarda borclar əhalinin təbii qazla müntəzəm təmin edilməsinə, qazpaylayıcı şəbəkələrin zəruri təhlükəsizlik və texnoloji normalara uyğun istismar edilməsinə imkan vermir və təbii qaz təchizatı sisteminin inkişaf imkanlarını məhdudlaşdırır.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsində yaranmış vəziyyətin tənzimlənməsi məqsədi ilə dövlət başçısı qərara alıb:
1. İstehlak edilmiş təbii qaza görə əhalinin 1 oktyabr 2009-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinə yaranmış 327,0 milyon manat məbləğində borcları silinsin.
2. Bu Fərmanın 1-ci bəndinə əsasən əhalinin borclarının silinməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə silinmiş borcların məbləği həcmində Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsindən təzminat verilsin.
3. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görsün.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. bu Fərmanın 2-ci bəndində nəzərdə tutulmuş təzminatın ödənilməsini təmin etsin;
4.2. bir ay müddətində təbii qaz və neft məhsullarının topdansatış qaydasında alınması üzrə əsas enerji istehlakçılarının kreditor borclarının tənzimlənməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər versin;
4.3. Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Bir neçə gün bundan öncə ölkə başçısı İlham Əliyev Bakıətrafı qəsəbələrdə yaşayan vətəndaşlarla görüşlər keçirdi. Hazırda ölkə başçısının görüşləri ardıcıllıqla davam edir. Əhalinin sosial problemləri ilə maraqlanan ölkə başçısı bir sıra qabaqlayıcı tədbirlərin görüləcəyini bildirir.
Ölkədə fəaliyyəti tənqid olunan qurumlardan biri də "Azərsu" ASC idi ki, antikorrupsiya tədbirləri çərçivəsində yoxlanılaraq onun da iç üzü açıldı. Belə ki, ölkə başçısı qanun pozuntularına, korrupsiya və maxinasiyalara yol verdiyinə görə, qurumun rəhbəri Nizaməddin Rzayevi vəzifəsindən uzaqlaşdırdı.
Müsavat deputat qrupu əhalinin debitor borclarının qanunsuz olaraq şişirdilməsinə etiraz əlaməti olaraq yaxın günlərdə "Azərsu", "Azərenerji" və "Azəriqaz" səhmdar cəmiyyətlərinin binaları qarşısında aksiya keçirməyi planlaşdırır.
Soyuqlar düşən kimi kommunal sahədə olan problemlər daha qabarıq şəkildə hiss olunmağa başlanır. Bir yerdə su gəlmir, digərində işıq olmur, başqa birində qaz kəsilir.
Ölkə başçısının sərəncamı ilə Azərbaycanda qazın satışı ilə məşğul olan "Azəriqaz" Səhmdar Cəmiyyəti (SC) və onun balansında olan qazpaylayıcı şəbəkələr Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) tabeliyinə veriləndən sonra əhalidə böyük ümidlər yarandı ki, bəlkə problemləri həll olundu.


























