Ana səhifə Gündəm Siyasət Cəmiyyət
Gündəm Siyasət Sosium Təhsil Müsahibə Dünya Region Problem Analiz Mövqe Aktual Təbliğat Nəbz Cəmiyyət
KanalM5.tv Video
Sorğu

Yeni saytımızı bəyəndiniz?
Super
Əla
Orta
Xeyr
 

Köşə yazarları

Azərbaycan sovet və müstəqillik illərində

23.04.11 | Bölmə: Analiz | Oxunma sayi:

Biz nələri itirib, nəyi qazanmışıq?

 
altAzərbaycanda əsrlərlə davam edən rus əsarəti ötən əsrin 90-cı illərinin başlanğıcında başa çatdı. 1991-ci ilin 18 oktyabrında müstəqillik haqqında Konstitusiya Aktını qəbul edən qanunverici orqanımız ölkəmizin istiqlaliyyətini rəsmiləşdirdi. Artıq iyirmi ildir ki, müstəqil Azərbaycan öz istiqlaliyyətinə qovuşub. Çar Rusiyası əsarətindən fərqli şəkildə 1920-ci ildə bərqərar olunan növbəti işğal dövrünün başlanğıcı respublikamızın SSRİ adlandırılan imperiyanın tərkibində 70 ildən artıq yaşamasını reallaşdırdı. Azərbaycana yüz minlərlə insanın qanı, dəyəri milyardlarla ölçülən təbii sərvətin talanması, ən əsası isə müstəqilliyimizin itirilməsi hesabına başa gələn sovet işğalı müasir dövrün yaşam sistemi ilə bir sıra cəhətlərinə görə kəskin şəkildə sezilir.

SSRİ dövründə müttəfiq respublikalarda olduğu kimi, Azərbaycanda da hər hansı azad fikirdən, azad sözdən danışmaq qeyri-mümkün idi. İnsanlar öz mövqelərini, fikirlərini azad ifadə edə bilmirdilər. Respublikamızın neftindən, qazından tutmuş digər sərvətlərə qədər hər şeyi ittifaq respublikalarına və xüsuçən Rusiyaya daşınırdı. Amma...

"Amma"sı çox sadədir. İşğala, müstəqilliyin olmamasına, var-yoxumuzun talanmasına baxmayaraq, sovet dövrünün bir sıra müsbət cəhətləri vardı ki, biz ondan indi də yararlanmalıyıq. İmperiya illərində Azərbaycanın mədəniyyəti, incəsənəti, ədəbiyyatı inkişaf edirdi. Bu sahələrdə 60-70, eləcə də 80-ci illərdə qüdrətli sənətkarlar nəsli yetişmişdi. Səməd Vurğun, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Süleyman Rəhimov, Mirzə İbrahimov, Məmməd Araz, Süleyman Rüstəm, Həsən Seyidbəyli, İmran Qasımov, Fərman Kərimzadə, Rəsul Rza, Vidadi Babanlı, Balaş Azəroğlu, Cabir Novruz, Xəlil Rza, Nigar Rəfibəyli, Salam Qədirzadə, İsa Hüseynov, Əkrəm Əylisli, Anar, Vaqif və Yusif Səmədoğlu qardaşları, Ramiz Rövşən, Mirvarid Dilbazi, Mədinə Gülgün, Mövlud Süleymanlı, Çingiz Abdullayev, senzuranın mövcud olduğu, hər cümlənin dönə-dönə yoxlanıldığı, azad fikrə, müxalif mövqeyə yol verilmədiyi bir dövrdə yazıb yaratmışdılar. Özü də necə..! Nəzərə alaq ki, görkəmli ədəbi xadimlərimiz ciddi senzuranın mövcud olduğu həmin illərdə sənətkarlıq qüdrətlərini hələ o qədər də nümayiş etdirə bilmirdilər. Bu ədiblər Böyük Vətən Müharibəsi illərindən tutmuş öz dövlərinin ictimai həyatına qədər hər mövzuda yazır, yeni-yeni qəhrəman obrazları yaradırdılar. Yazıçı təxəyyülünün, ədəbiyyatçı uydurmasının məhsulu olan həmin əsərlərdə faşizm və Azərbaycan xalqının ona qarşı mübarizəsi tərənnüm olunurdu. Gəlin müasir dövrün ədəbiyyatını bir çox gənc "yazar"ların ağız büzdüyü sovet dövrü ədəbiyyatı ilə müqayisə edək. Hanı iyirmi illik müstəqillik dövrü Azərbaycan ədəbiyyatının şah əsərləri? Xalqımız birinci Qarabağ savaşında minlərlə övladını qurban verib. Onlar arasında yüzlərlə igid, ərən mövcuddur. Hanı Qarabağ döyüşlərində qəhrəmanlıq göstərmiş igidlərimizin hər kəsə nümunə olacaq həyatını təsvir edən romanlar, hekayələr, sənədli povestlər - publisistik yazılar? Özlərini postmodern nəslin bəzi nümayəndələri adlandıran yeni "yazarlar" nəsli əsərlərinin mövzusu kimi kriminal, qeyri-əxlaqi hadisələri seçir, ədəbiyyatda "yeniliklər" etməyə çalışırlar. Əcnəbi sözlər, şit, bayağı ifadələr, açıq-saçıqlıq bəzi naşirlərin yazılarında ən çox yer verdikləri məsələlərdir.

Şablon ifadələrin, quru, rəsmi çıxışların daim hökmranlıq etdiyi senzuralı sovet dövrü Azərbaycana Müslüm Maqomayevi, Gülağa Məmmədovu, Tükəzban İsmayılovanı, Rəşid Behbudovu, Bülbülü, Şövkət Ələkbərovanı, Zeynəb Xanlarovanı, Vaqif Mustafazadəni, Sara Qədimovanı, Niyaməddin Musayevi, Rübabə Muradovanı, Qulu Əsgərovu, Məmmədbağır Bağırzadəni, Hacıbaba Hüseynovu, Ağaxan Abdullayevi, Sabir Mirzəyevi, Canəli Əkbərovu, Tələt Qasımovu, Səkinə İsmayılovanı, İlhamə Quliyevanı, Nəzakət Məmmədovanı, Baloğlan Əşrəfovu, Fidan və Xuraman Qasımova bacılarını bəxş etdi. Sənətkarlıq fəaliyyəti üçün əlverişli imkanların, müğənnilik istedadını nümayiş etdirmək üçün geniş məkanın olduğu müstəqillik illəri də bizə yeni-yeni müğənnilər bəxş etdi: - Röya, Faiq Ağayev, Yeganə, Rəqsanə, Aygün Kazımova, Baqira, Brilyant Dadaşova, Elza Seyidcahan, İzzət Bağırov, Nadir Qafarzadə, Hüseyn Dərya, Zülfiyyə Xanbabayeva, Xose ləqəbli Elşad, Xuraman Şuşalı...

Müqayisə edin! Bəyənmədiyimiz, hər cəhətini tənqid etdiyimiz sovet dövrü ilə şou-biznesin meydan suladığı müasir dövrün fərqli cəhətlərinə, bir-birilə ziddiyyət təşkil edən iki ictimai formasiyanın yetişdirdiyi sənətkarlar nəslinə diqqət edin! Bir az da aktyorlarımızdan danışaq. O şəxslər ki, Azərbaycan kinosunda əvəzedilməz rollar, obrazlar yaradıblar. Lütvəli Abdullayev, Mustafa Mərdanov, Bəşir Səfəroğlu, Barat Şəkinskaya, Adil İskəndərov, Yusif Vəliyev, Əlağa Ağayev, Ağasadıq Gəraybəyli, Süleyman Ələsgərov, Məmmədrza Şeyxzamanov, Nəcibə Məlikova, Həsən Turabov, Həsən Məmmədov, Şəfiqə Məmmədova, Leyla Şıxlinskaya, Afaq Bəşirqızı, Hacıbaba Bağırov, Siyavuş Aslan, Rasim Balayev, Şahmar Ələkbərov, Ənvər Həsənov, Əbdül Mahmudov, Ramiz Əzizbəyli, Muxtar Maniyev, Kamal Xudaverdiyev, Hamlet Xanızadə, Amalya Pənahova, Arif Quliyev sovet dövrünün yetişdirdiyi sənətkarlar nəslidir. Bəs müasir dövrümüzdə hansı aktyorlar yetişib: - Rəfael və Coşqun cütlüyü, habelə keçmiş "KVN"-çilərdən cəmi bir neçə nəfər. Budurmu iyirmi illik müstəqil Azərbaycan incəsənətinin, mədəniyyətinin inkişaf göstəricisi?

Sovet təbliğat maşınına, ideologiyasına xidmət edən "Axırıncı aşırım", "Yeddi oğul istərəm", "Dağlarda döyüş", "Birisi gün gecə yarısı",  filmləri, habelə Azərbaycan kinosunun ən gözəl nümunələri sayılan "Arşın mal alan", "O olmasın, bu olsun", "Böyük Dayaq", "Əhməd haradadır", "Babək", "Yol əhvalatı", "Dədə Qorqud", "Ölsəm bağışla", "Uşaqlığın son gecəsi", "Tütək səsi", "Şərikli çörək", "Mən ki, gözəl deyildim", "Sizi dünyalar qədər sevirdim", "Bizim Cəbiş müəllim", "Arxadan vurulan zərbə", "Papaq (Evlənmək istəyirəm)", "İstintaq", "Ulduz" filmləri sovet dövrünün, ərindən boşanmış qadının intim əlaqələrindən bəhs edən "Təhminə", anormal süjet xətti ilə diqqəti cəlb edən, ideyası olmayan "Bəxt üzüyü", "Həm ziyarət, həm ticarət" filmləri isə müasir dövrümüzün, müstəqillik illərimizin kino nümunələridir. Məgər sovet dövründə Böyük Vətən Müharibəsi illərindən bəhs edən "Bizim Cəbiş müəllim", "Sizi dünyalar qədər sevirdim (general-mayor, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirəsinə həsr edilmiş)", "Tütək səsi", "Şərikli çörək", Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin həyatını səhnələşdirən "Uzaq sahillərdə" filmləri ilə Qarabağ müharibəsindən bəhs edən "Fəryad" filmini müqayisə etmək olarmı? Azərbaycan kinosunun bərbad vəziyyətə düşməsini maliyyə çətinlikləri ilə əsaslandırmağa çalışanların bəhanəsi bir neçə il bundan öncə kəsildi - prezident İlham Əliyev kinomuzun inkişafı naminə bu sahəyə böyük miqdarda pul ayırdı. Amma nəticə göz qabağındadır: - son illər ərzində hətta köhnə sovet dövrünün hər hansı filmi ilə müqayisə oluna biləcək film çəkilməyib.

Sovet dövründə görkəmli kino xadimləri -  rejissorlar da yetişdirdi: - Tofiq Tağızadə, Kamil Rüstəmbəyov, Rasim Ocaqov, Adil İskəndərov, İmran Qasımov, Həsən Seyidbəyli, Eldar Quliyev...Elə müstəqillik dövrünün də bir sıra "rejissorları" var: - Kənan MM...Təəssüf ki, nə qədər düşünsək də, adı bu siyahıya əlavə olunacaq şəxsləri xatırlaya bilmədik.  

Azərbaycanın Sovet Rusiyasi tərəfindən işğalı dövründə müğənnilər nəslini bu bəstəkarlar yetişdirmişdi: - Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Niyaməddin Musayev, Tofiq Quliyev, Ələkbər Tağıyev, Səid Rüstəmov, Emin Sabitoğlu, Xəyyam Mirzəzadə və indi bütün dünyada mahnıları oğurlanaraq başqalarının adına sırınan görkəmli bəstəkarımız Eldar Mansurov...Şou biznesin meydan suladığı müstəqillik dövrümüzdə Nailə Mirməmmədli, Gövhər Həsənzadədən başqa hansı yetkin bəstəkarın adını çəkmək olar?

Ziya Bünyadov, Yusif Məmmədəliyev, Ağamusa Axundov, Şirməmməd Hüseynov, Lətif Kərimov, Rəşid Məmmədov, Nizami Süleymanov, Həsən Əliyev sovet dövrünün yetişdirdiyi alimlərdir. Müstəqillik dövrünün bu şəxslərə bərabər səviyyədə tutulacaq "alim"lərimiz hələ ki, yetişməyib.  

Sonda: müstəqilliyimiz bizə çox şey verdi. Suveren respublika, beynəlxalq hüququn subyektinə çevrilmək, azad söz, müstəqil mətbuat, öz sərvətlərimizə sahib olmaq imkanları, ən əsası isə istiqlaliyyətinə qovuşmuş Azərbaycanı. Amma təəssüf ki, sovet imperiyasının mövcudluğu illərində yaranmış ziyalılar, şairlər, yazıçılar nəsli, mədəniyyət və incəsənət xadimləri zümrəsi elə həmin illərdə də tarixə qovuşdu. Sadaladığımız faktlardan da göründüyü kimi, son iyirmi ildə Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı qüruba enib. Zaman çox dəyişib, elə biz də dəyişmişik. 1986-cı ildə respublika üzrə intihar etmiş şəxslərin sayı cəmi 6 nəfər idi. Amma bu ilin təkcə aprel ayında canına qəsd etmiş vətəndaşlarımızın sayı 12-ni ötüb. Cəmiyyətimizdə mənəviyyatsızlıq baş alıb gedir. Yaxşı yadımdadır, yaşadığım rayonda sovet dövründə cəmi 5 əxlaqsız qadın vardı. Onları hamı barmaqla tanıyır, qınayırdı. Halbuki indi bu rəqəm o dövrün göstəriciləri ilə müqayisədə 4 dəfə çoxdur. Sovet imperiyasının meydan suladığı illərdə ayrı-ayrı şəhərlərdəki çox az sayda olan əxlaqsız qadınlara ciddi nəzarət edir, onları daim güdürdülər. Amma indi belə qadınlar bizim gözlərimiz önündədir. Onlara hər yerdə rast gəlmək olar: - saunalarda, barlarda, diskotekalarda, pivəxanalarda... Azərbaycanın müasir təhsil sistemini də sovet dövrü ilə müqayisə etmək yerinə düşərdi. Sovet dövründə şagird və tələbələr təhsil ocaqlarına içi kitab və dəftərlə dolu çantalarla gedirdilər. Amma indi baxın, çıxın küçələrə və tələbələrimizə savad yox, diplom verən bəzi universitetlərimizin qarşısına - tələbələr hər gün dərsə mobil telefonların boyunlarına doladıqları qulaqcıqları ilə gedirlər.

P.S. Dünən sovet imperiyasının qurucusu Vladimir İliç Leninin doğum günü idi.

 

A.ŞİRVANLI


Oxşar xəbərlər :

altİdeologiyasını və quruluşunu bəyənmədiyimiz sovet rejimi Azərbaycandan çox şeyi qopardısa da, nailiyyətlərimiz də az olmadı. İncəsənətimiz, mədəniyyətimiz, elmimiz çətinliklə də olsa inkişaf etdi. O cümlədən kinomuz...


altBiri vardı, biri yox. Azərbaycan məkanında insanları valeh edən kino sənəti var idi. "Nəsimi", "Babək", "Fətəli xan", "Yeddi oğul istərəm", "Dəli Kür", "Qaynana", "O olmasın, bu olsun", "Arşın mal alan" kimi məşhur filmləri ilə Azərbaycan kinosu sinəsini qabardıb, uğurla irəli gedirdi.


alt"Gündəlik Bakı" qəzeti yeni ildən yeni layihələrlə oxucularının görüşünə gəlir. Həmin layihələrdən biri olaraq bu gündən etibarən qəzetimizdə "Tanımadığımız tanışlar" rubrikası start götürür. Layihənin müəllifi mənəm - Anar Tağıyev…


altİdman Azərbaycanda inkişaf edən sahələrdən biridir. Bu sahədə ölkəmizin olduqca önəmli uğurları mövcuddur. Həm sovet dövründə, həm də 19 illik müstəqillik dönəmində Azərbaycan idmançıları dünyanın müxtəlif arenalarında uğurlar əldə ediblər.


altBəli, düz oxudunuz: - qurdlar vadisi Azərbaycan…Belə getsə, Türkiyənin məşhur "Panafilm" şirkəti "Qurdlar vadisi - Azərbaycan" adlı filmini də çəkəcək.


Xəbərin başlığı Azərbaycan sovet və müstəqillik illərində:
.
dle dle.
.
.
Problem
Siyəzənin icra başçısından şikayətlər səngimir
Vətəndaşlar yalançı reklamların qurbanına çevrilir
Sabunçu qəsəbəsi problemlər girdabında...
Qasım Muradovun
Bina evlərində isinmək qış gəlməmiş problemə çevrilib
Sənədsiz qalan ev sahibləri

Qəzet 2007-ci ilin Sentyabrın 18-dən çıxır. Redaksiyanın telefonlar: (012) 568-17-42 / 568-17-43 / 568-17-51
Mob: (+994) 50 356 94 50 E-mail: gundelik-baku@rambler.ru