“Kimi aldadırsan, zalım balası”. 

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bir  neçə gün əvvəl  verdiyi müsahibədə  maraqlı fikirlər səsləndirib. 
Partiya  sədri  müsahibəsində keçmiş deputat Hüseyn Abdullayevlə ( Quska )  bağlı aralarındakı münaqişəyə toxunaraq deyir ki, Hüseyn Naxçıvanda  toylarda klarnet çalırdı. 
Fəzail Ağamalı sonra deyir ki, Milli Məclis  millətin elitar təbəqəsidir. 
Bu adamdan soruşan yoxdur ki, millətin elitar təqəbəsində- Milli Məclisdə  klarnet çalan nə gəzirdi ? 
Bu adamı Milli Məclisə kim salmışdı ? 
Əslində Fəzail Ağamalı- özü də bilmədən ağır söhbət eləyir. 
Axı klarnet çalanın Milli Məclisdə nə işi var ? 
Klarnet  çalana kimlər səs verib ? 
Fəzail Ağamalı onu da deyir ki, “Quska”  Milli Məclisdə özünü apara bilmirdi. Vay, vay...
Bir adam özünü apara bilmirsə, bu necə elita ola bilər. 
Əlbəttə, biz Fəzail Ağamalının dediklərinin nə dərəcədə həqiqətə uyğun olub-olmadığını deyə bilmərik. 
Ancaq  deputatlarla bağlı məsələ cəmiyyətdə, sosial şəbəkələrdə ciddi tənqid olunur. 
Deputatın biri qızı yaşında öz əməkdaşını, tumarlayır, bu video dünyaya yayılır, bizi rüsvay edir. 
O biri deputat, boz araqdan vurub polisi döyür, sonra da üzr istəyir. 
Biri klarnet çalır, o biri Allah bilir nə çalır...
Bunları yazmaqda məqsədimiz odur ki, Milli Məclisin bəzi üzvləri parlamentə  başucalığı gətirmir. 
Məsələn, 5-10 nəfərin tanımadığı Könlül Nurullayeva görəsən,   9 fevral 2020-ci ildə Milli Məclisə keçirilmiş növbədənkənar parlament seçkilərində Nizami rayonu 24 saylı birinci seçki dairəsindən necə deputat olub ?
Axı, deputat seçilmək üçün ən azı 10-15  min nəfər sənə səs verməlidir ?
Heç bir təcrübəsi olmayan, cəmiyyətdə tanınmayan Könül Nurullayeva  o səsləri necə qazana bilərdi ? 
Onun necə deputat seçilməsi, daha doğrusu, deputat olması, hamıya bəlli məsələdir. 
Nə isə, hansı yollasa, deputat oldu Nurullayeva.
Amma elə ilk siftəsindəcə, xanım deputat  “xoruz  buraxdı” və ermənilərə qahmar çıxdı. 
Məşhur məsəldə deyilən  kimi, “Sən ayının qohumusan, yoxsa, mənim”. 
Ay Könül xanım, sən Azərbaycanın deputatısan, yoxsa ermənilərin. 
Bəli, binəva Könül Nurllayeva ağlının ucbatından qardaş Türkiyədə dedi ki, Ermənistan kasıb dövlətdir, ona görə də bizə təzminat verməməlidir, 
Deyirəm, nə qədər savadsız, diletant olasan ki, belə cəfəngiyyat danışasan. 
30 il ermənilər barbar, vandal kimi torpaqlarımızı işğal edib, kəndlərimizi, maddi və mədəniyyət abidələrimizi dağıdıb, Könül Nurulalyeva isə deyir ki, təzminat lazım deyil. Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatı çöküb, əhalinin sosial şəraiti acınacaqlı vəziyyətdədir, bu səbəbdən Azərbaycanın düşmən ölkədən təzminat tələb etməsi o qədər də önəmli deyil. Könül xanım əməlli-başlı ermənilər üçün göz yaşı tökür. 
Ölkə başçısı hər çıxışında bu məsələni dönə-dönə vurğulayır ki, ermənilər təzminat ödəməlidir. 
Görünür, Könül Nurullayeva  bunlardan xəbərsizdir. 
Görəsən, Könül  xanımın fikri-zikri harda, kimin, nəyin yanındadır..? 
Xəyalları haralarda  dolaşır ?
Təkcə təzminat məsələsi olsaydı, bəlkə də Könül Nurullayevanı  cavanlığına bağışlamaq olardı. 
Xanım deputat elementar davaranış qaydalarını bilmir. 
 Belə ki, Könül Nurulalyeva imkansız, kasıb ailənin evinə ayaqqabı ilə girib utanmadan poz verir.
Görəsən uşaq vaxtı  Könül xanıma başa salmayıblar ki, evə ayaqqabı ilə girmək olmaz ?
Bunu uşaqlar da  bilir ki, evə daxil olanda ayaqqabıları çıxartmaq lazımdır. Görəsən, uşaqların bildiyi qaydanı deputatımız niyə bilmir ? 
Hələ bu harasıdır ? 
Könül Nurullayeva  Keşlədəki  seçiciləri ilə görüşə çarşabda, çadrada  gedir, islami qaydalara ciddi riayət edir. Vallah, bu dekorasiyalar daha işə yaramır, ay Könül xanım. 
Şair necə deyir, “Kimi aldadırsan, zalım balası”. 
Yeri gəlmişkən, deputat Könül xanım danışanda tez-tez "xoruz" buraxır. Deyirlər, Milli Məclis də payızda özünü buraxacaq. İnşallah.