Son günlərdə havaların tez-tez dəyişməsi, yağışın yağması, şimşək çaxması artıq payızın gəlişindən xəbər verir. Bu fəsildə havalar dəyişkən olduğuna görə, insanlar asanlıqla qrip və digər xəstəliklərə yoluxa bilirlər.
Maraqlıdır, görəsən, payızda insanlar necə qidalanmalıdır?
Məsələ ilə bağlı sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova  bildirib ki, payızda havaların tez-tez dəyişməsi insanların immun sisteminə çox təsir edir.
Onun sözlərinə görə, bu zamanlarda insanlarda yorğunluq, iştahsızlıq, halsızlıq, depressiyaya meyllilik olur:
“İlk növbədə havaya uyğun geyinməli və yuxu rejimini qaydaya salmaq lazımdır. Havalar sərinləşdikcə insanlar çaya daha çox üstünlük verir. Gün ərzində 2 fincandan çox çay içilməsi zərərlidir. Həmçinin çayın tərkibinə 1 qaşıq balın əlavə edilməsi vacibdir. Bu orqanizmdəki zərərli maddələrin, toksinlərin xaric olmasına kömək edəcək. Payız fəslində vitaminlə zəngin olan qidalara üstünlük verilməlidir. Əsasən A, C və E vitaminləri ilə zəngin olan qidalar istehlak edilməlidir. Bunlara daha çox balıq və dəniz məhsulları, yumurta, kök, brokoli, portağal və s. kimi qidalar daxildir. Bundan əlavə həmçinin mütləq şəkildə orqanizm təmiz su qəbul etməlidir. Çünki su orqanizmin maye balansını tənzimləyir. Təxminən gündə 7-8 stəkan su içmək orqanizm üçün çox faydalıdır”.