COVİD-19 virusuna qarşı hazırlanan vaksinlərin koronavirusun mutasiyaya uğramış yeni formasına qarşı nə dərəcədə effektiv olacağı açıqlanıb.
Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev bildirib ki, virusa qarşı müxtəlif peyvəndlər hazırlanıb. Bu vaksinlərin virusun yeni ştammına qarşı nə dərəcədə effektiv olması onların necə hazırlanmasından asılıdır:
"Son vaxtlar molekulyar bioloji və biotexnoloji üsullar əsasında hazırlanan vaksinlərdə bu baxımdan narahatlıq ola bilər. Çünki onlar dəyişikliklərin baş verdiyi spayk proteindən asılıdır. Buna görə də effektivliyi 95 faiz qiymətləndirilən vaksinlərin effektiv olma faizi aşağı düşə bilər. Bu faizin tam olmasa da, düşəcəyi gözlənilir. Çünki həmin o proteində əmələ gələn dəyişiklik vücudumuzdakı immun sisteminə təsir edir və antitellər əmələ gəlir. Vaksinin əmələ gətirdiyi antitel mutasiyadan öncəki virusun proteininə qarşı idi. Ona görə də o, onu yaxalayacaqdı".
A.Allahverdiyev qeyd edib ki, hazırlanan vaksinləri mutasiyaya uğramış virusa uyğunlaşdırmaq mümkündür. Bunun üçün qiymətləndirmələr aparıla bilər: "Vaksini hazırlayanlar üçün bunu etmək o qədər də çətin deyil. Onlar həmin xəstələrdən virusu izolə edəcəklər. Bundan sonra onlar mutasiyaya uğramamış virusu insanların bədənində yaranan antitellərlə neytralizə edəcəklər. Məncə, bunu qısa zaman ərzində biləcəklər ki, köhnə vaksinlər yeni virusu nə qədər əngəlləyə bilər". (Trend)