"Qarabağ hadisələri baş verəndə 9-cu sinifdə oxuyurdu. Sinif uşaqları ilə birlikdə deyib ki, müharibəyə gedirəm. Direktor xəbər tutub, mənə dedi. Ağdama posta zəng etdim ki, avtobusu saxlasınlar. Uşaqlar polisi aldadıb ki, texnikumda oxuyuruq, Rövşən isə deyib xalamgilə gedirəm. Onun Ağdamda xalası yaşamırdı. Bir həftə sonra onu gətirib məktəbə təhvil veriblər. Rövşən başqa uşaq idi”.
Bu sözləri oğlu Şuşada şəhid olan Xalq artisti Əli Nur deyib. ARB telekanalında yayımlanan “Elgizlə izlə” proqramının qonağı olan aktyor oğlu Rövşən Nuruzadənin uşaq yaşlarından müharibəyə getmək arzusu olduğunu deyib:
“İkinci Qarabağ müharibəsi başlayanda özündə olmadı.Qonşular dedi ki, Rövşən müharibəyə gedəcək. Düşündüm ki, yaşı uyğun gəlmir. Səhər gəldi görüşdü ki, gedirəm. Hər gün zabit dostları ilə danışırdı, hərbi biliyi güclü idi. Onu özüm yola saldım. Dedi ki, qələbə ilə gələcəm. Hər gün danışırdıq. Cəbrayılda, Qubadlıda, Füzulidən zəng etmişdi. Ayın 2-də zəng etdi ki, ata, gedirəm, amma bilmirik hara. Bu onun sonuncu zəngi idi".