“İş adamı hakimlə əlbir olub torpağımızı mənimsəyib” - Şəhid ailəsindən Prezidentə müraciət
11-01-2021, 11:04
46

“İş adamı hakimlə əlbir olub torpağımızı mənimsəyib” - Şəhid ailəsindən Prezidentə müraciət

“Rusiyada yaşayan iş adamı, “Haça-Qaya-1” kiçik müəssisəsinin təsisçisi Rəşad Nurəddin oğlu Sadıqov, həyat yoldaşım, Birinci Qarabağ savaşına könüllü qatılmış və Ağdamın Abdal-Gülablı kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olmuş polis leytenantı Nurəddin Oruc oğlu Sadıqova doğulduğu Tovuz rayon Alakol kəndində verilmiş 0.38 ha. pay torpağı zəbt edib”.

Bunu Dominant.az-a açıqlamasında şəhid Nurəddin Sadıqovun həyat yoldaşı Kifayət Əli qızı Sadıqova deyib.

K.Sadıqova üzləşdikləri anlaşılmaz vəziyyəti təfərrüatı ilə danışıb:

“Həyat yoldaşım Alakol kəndinin ilk şəhididir, həmin kənddə də dəfn olunub. Həm kənd sakinləri, həm rayon rəhbərliyi tərəfindən hər zaman onun ruhuna böyük ehtiram göstərilib. Alakol kənd məktəbi onun adını daşıyır. Bir neçə il öncə Mehriban xanım Əliyevanın göstərişi ilə həmin məktəb binası üçün şəhidin adına yaraşacaq şəkildə üçmərtəbəli bina da inşa olunub. Həmçinin 1999-cu ildə Tovuz rayonunun o zamankı icra başçısı tərəfindən şəhid ailəsi kimi bizə 0.38 ha. pay torpaq sahəsi verilib.

Lakin illərdir öz torpağımıza sahib çıxa bilmirik. Çünki Rusiyada yaşayan, ikili vətəndaşlıq daşıyan (həm Azərbaycan, həm Rusiya) Rəşad Sadıqov bizə verilən torpağı mənimsəyib. Həm birinci, həm də ikinci Qarabağ savaşında bir gün belə iştirak etməyən, savaş gedən vaxtı Rusiyada başı biznes qurmağa, sərvət yığmağa qarışmış Rəşad Sadıqov torpaq bölünəndən sonra gəlib məni məhkəmə ilə hədələyib. Mənə, “Nə olsun ki, şəhid ailəsisən. Sən kimsən ki, sənə torpaq veriblər?! Torpaq sahəsi mənimdir. İstəyirsən get ver məhkəməyə, onsuz da hər yerdə mən qalib gələcəm” – deyərək sağalmaz söz yarası vurub.

Eşitdiyim o sözdən sonra xəstəliyə tutulmuşam, hər axşam başımı yastığa qoyanda onun həmin təkəbbürlü səsi qulaqlarımda cingildəyir, az qalıram, intihar edim. Həyat yoldaşım şəhid olanda heç 30 yaşım yox idi, ali təhsilliydim, namusla, qeyrətlə iki bala böyütdüm, ali təhsil verdim, yeridiyim yoldan belə ehtiyat etdim ki, şəhidimin adına xələl gəlməsin, ruhu inciməsin. İndi hansısa yerindən duran birisi şəhidimin nakam ruhunu narahat edir, onun ailəsini alçaldır, məhkəmə qapılarında süründürür, torpağına sahib çıxır. Ən dəhşətlisi də odur ki, Rəşad Sadıqov bunu puluna güvənərək edir. Pul ilə ədalət mücəssəməsi olan məhkəməni, hakimi belə, haqq yolundan döndərməyi, nahaqqın xeyrinə qərar çıxartdırmağı bacarıb.

Haqlı ola-ola, əlimdə torpağa aid bütün dövlət sənədlərinin olmasına baxmayaraq, haqsız duruma düşmüşük, illərdir məhkəmə qapılarında qalmışıq. Dörd ilə əvvəl Rəşad Sadıqovun “məsləhəti” ilə məhkəməyə müraciət etdim, bizdən sonra o da bizi məhkəməyə verdi. Bu dörd ildə baş tutan məhkəmələrin sayını artıq itirmişəm, hər dəfəsində Tovuz Rayon Məhkəməsi (hakim Ədil Məmmədov), Gəncə İnzibati-İqtisadi Məhkəməsi (hakim Rəşad Mamedov), Gəncə Apelyasiya Məhkəməsi (hakim İspəndiyar Səfiyev) qarşı tərəfin, torpağın Dövlət aktı barədə arxivdə və mövcud elektron bazada heç bir məlumat aşkar edilməməsinə rəğmən, dövlət qurumları tərəfindən mənə verilmiş torpağa aid sənədlərə əhəmiyyət vermədən qətnaməni qarşı tərəfin xeyrinə çıxarıb. Bu səbəbdən Gəncə Apelyasiya Məhkəməsindən Ali Məhkəməyə kasasiya şikayəti vermişəm, indiyə qədər düz 3 dəfə Ali Məhkəmə Gəncə Apelyasiya Məhkəməsinin haqsız qərarına xitam verib. Məhkəmə çəkişmələrində üzləşdiyim hadisələr, başıma gətirilən müsibətlər sayəsində mənə bir daha aydın olub ki, hakimlər qərar çıxararkən qanunları deyil, Rəşad Sadıqov kimilərin pullarını əsas götürürlər. Əgər belə olmasaydı, həmin hakimlər, xüsusilə də Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi Rəşad Mamedov dövlətin adından qanunazidd qətnamələr çıxarmazdı. Dövlətin qanununa, əyləşdiyi vəzifənin müqəddəsliyinə hörmət qoymayan bir hakim şəhid ailəsinə nə hörmət qoyacaq ki”.

Kifayət Sadıqova deyir ki, məsələdən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun da xəbəri var:

“İcra başçısına da müraciət etmişəm bu barədə. Sağ olsun Məmməd müəllim, məni hörmət-izzətlə qəbul edib, problemimi dinləyib. Elə yanımdaca Alakol bələdiyyəsinin sədrinə zəng edib, torpağın kimə məxsus olduğunu soruşub. Bələdiyyə sədri də bildirib ki, torpaq Kifayət Əli qızı Sadıqovaya məxsusdur. Ancaq iş məhkəməlik olduğundan icra başçısı məsələyə hansısa formada müdaxilə edə bilməyib. Bəlkə də qarşı tərəf abırlı biri olsaydı, başçı onu çağırardı, danışardı, ancaq şəhid ailəsi ilə torpaq davası döyən birindən hansı abırı gözləmək olar ki.

Azərbaycanın xaricdə yaşayan qeyrətli oğulları şəhid ailələrinə, qazilərə sahib çıxır, maddi-mənəvi dəstək göstərir, ev bağışlayır, torpaq sahəsi, maşın hədiyyə edir. Eldar Sadıqov kimilər isə canını Vətən üçün fəda etmiş şəhidin ailəsinin torpağına göz dikir. Beləsinə nə ad verəsən, nə deyəsən axı, vicdanı olmayan, Vətənin, şəhidin müqəddəsliyini dərk etməyən birisindən hər cür nankorluq, pislik gözləmək olar. O adam Vətən, şəhid qədri bilsəydi, özü həyat yoldaşım kimi gedib Vətən üçün döyüşərdi, Vətən müharibəsinə oğlunu göndərərdi. Əgər onun hərbi xidmətdən yararsız kimi yayındırdığı oğlu gəlib Vətən üçün döyüşsəydi, mən o torpaqdan əl çəkərdim, döyüşdüyü üçün oğluna bağışlayardım”.

Şikayətçi üzləşdiyi çarəsiz vəziyyətlə bağlı Prezident İlham Əliyevə də müraciət edib, haqlı səsinə səs verməsini xahiş edib:

“Bu neçə ildə üzləşdiyim haqsızıqlar nəticəsində həmin torpaq gözümdən o qədər düşüb ki. Bəlkə heç ömrüm də oranı əkib-becərməyə yetməyəcək, bu illərdə qazandığım xəstəlik imkan verməyəcək. Ancaq artıq ortada prinsip məsələsi var, şəhidimin ruhunun rahatlıq tapması üçün bu məsələnin sonuna qədər gedəcəyəm. Mən yürütdüyü siyasətlə, qəhrəman əsgərimizin gücüylə Azərbaycana qalibiyyət şərbətini daddıran möhtərəm Prezidentimiz İlham Əliyevə güvənirəm. İnanıram ki, O, birinci Qarabağ şəhidlərinin ruhlarını şad etdiyi kimi, məmurların, puluna güvənən iş adamlarının yumruğu altında əzilən, çarəsiz vəziyyətə düşmüş şəhid ailələrinin də səsini eşidəcək. Necə ki, mütəmadi olaraq şəhid ailələrini, şəhid övladlarını, qazilərimizi düşünür, onlar üçün hər şeyin ən yaxşısının edilməsi üçün tapşırıqlar, sərəncamlar verir.

Elə sizin vasitənizlə dövlətimizin rəhbərinə müraciət edirəm, xahiş edirəm ki, aciz durumda olan bir ananın səsinə səs versin, məni şərəfini pula satmış hakimlərin, hər şeyi pulla ala biləcəklərini düşünən şəxslərin əlindən xilas etsin. Pulun yox, haqqın qələbə çalması üçün aidiyyəti qurumlara xüsusi göstəriş versin. İnanıram ki, cənab İlham Əliyev mənim səsimə səs verəcək. Öncədən həm öz adımdan, həm də övladlarımın adından təşəkkür edirəm”.

P.S. Dominant.az saytı olaraq, məsələni diqqətdə saxlayacağıq, qarşı tərəfin, həmçinin şikayətdə adı hallanan şəxslərin də mövqeyini öyrənəcəyik.

Oxşar xəbərlər

Xəzər rayon İcra baçısı iki oğlu Vətən savaşında iştirak edən ailənin evini sökdürdü- Prezidentə şikayət edilib FOTO/VİDEO
Şəhid atası ölüm ayağındadır - Ailə kömək gözləyir
Qəhrəmancasına şəhid olan kəşfiyyatçı-zabit Cəlilabadda dəfn edildi (FOTOLAR)
Mənsum İbrahimovun qardaşı oğlu şəhid oldu - FOTO
Qazaxda şəhid dəfn olundu
Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - Fotolar
Füzulinin 38 şəhid verən kəndində abidə kompleksi açıldı - FOTO
Kürdəmirdə təhsil almaq problemdir - GİLEY
Milli Qəhrəman İlqar Mirzəyevin anası Azərbaycan vətəndaşlığına qəbul edildi
"Tovuz rayon İcra Hakimiyyəti bizi eşitmir" - Şəhid ailəsindən NARAZILIQ
19 yaşlı qəhrəman: Qəsəbənin 30 ildən sonra ilk şəhidi (VİDEO)
Şuşa uğrunda döyüşərək şəhid olan müəllim - FOTO
Şəhid anası Prezidentdən ancaq bunu İSTƏDİ... - Müraciət...
Şəhid ailələri və müharibə iştirakçıları üçün təsərrüfatlar yaradıldı
Kamran Əliyev şəhid olan prokurorluq əməkdaşların ailə üzvləri ilə görüşüb - VİDEO
Xalq artistinin oğlu Şuşa uğrunda döyüşlərdə ŞƏHİD OLDU
Salyanda şəhid dəfn olundu (FOTO)
Hacı Nuran şəhid oğlunun kirvəsi olacaq - Fotolar
İtkin hesab edilən Nurlanın da şəhid xəbəri gəldi - FOTO
Lerikdə məktəb direktorunun özbaşınalığı - Xadimədən 4000 manat məbləğində rüşvət istəyib?
Həyat yoldaşının ad günündə evinə şəhid kimi dönən igidimiz (VİDEO)
“Oğlum şəhid olan gün saatım dayandı” - Video
Göyçayda şəhid ailəsi çıxılmaz durumda... - NARAZILIQ...
Şəhid polkovnik dəfn olundu - Fotolar
Füzuli uğrunda şəhid olan gizir
Bütün kəndin həsrətlə yolunu gözlədiyi Orucun ŞƏHİD XƏBƏRİ GƏLDİ
Vətən müharibəsində şəhid olan əsgər bu gün dəfn edildi
Şəhid Milli Qəhrəmanın ukraynalı xanımı: - “Rafaelin nəvələri ilə azad edilmiş Qarabağa gələcəyik”
Vətən Müharibəsində şəhid olan daha bir müəllim - FOTO
Xarı Bülbül emblemi Şuşanın girişində sancıldı - VİDEO