Qanunla vətəndaşlar üçün bir sıra imtiyazlar müəyyən olunur. Lakin bəzən xəbərsiz olduğumuz üçün bundan istifadə edə bilmirik. Məsələn, dünyasını dəyişən şəxsin toplanan pensiya kapitalından onun yaxın ailə üzvlərinin istifadə edə bilməsi kimi...

Bildiyimiz kimi, pensiya almaq üçün əvvəlcə müəyyən kapital toplamaq lazımdır. Elə də olur ki, illərlə topladığın kapitalı ömür vəfa etmir ki, yaşlanıb pensiya şəklində alasan. O zaman toplanan kapitalın aqibəti necə olur?

İllərlə çalışıb məcavib qazanmaqla gələcəyimizi təminat altına almaq, necə deyərlər, qocalığa “gün ağlamaq” istəyirik. Amma qocalığın səfasını çəkmək hər kəsə də qismət olmur. Vətəndaş Rəmziyyə Süleymanovanın həyat yoldaşı kimi...

“Ən kiçik övladımın iyirmi doqquz yaşı var. Oğlum işsizdir. İki nəfərik, gəlir yerimiz yoxdur”, - o, AYNA-ya müraciətində deyir.

Mərhum rəsmi olaraq əmək müqaviləsi ilə çalışıb. İllərlə qazandığı məvacibindən Dövlət Sosial Sığorta Fonduna vəsait ödəyib. Pensiya almaq isə ona nəsib olmayıb. Ailəsi isə bu pensiya kapitalı hesabına müavinət və ya pensiya almaq istəyir.

Qanunvericiliyə görə, vəfat etmiş şəxsin kapitalından onun övladları, həyat yoldaşı və valideynləri müəyyən olunan müavinətlər kimi istifadə edə bilərlər. O da müəyyən şərtlərlə.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) nəzdində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili AYNA-nın sorğusuna cavab olaraq bildirib ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyası sığortaolunanların əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların (yəni sosial sığorta haqları ödəyənlərin) ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə verilən aylıq pul ödənişidir.

“Sığorta olunan şəxs pensiya yaşına çatdıqda və ya pensiya yaşına çatanadək əlilliyə məruz qaldıqda, onun ödəmiş olduğu sosial sığorta haqları hesabına fərdi hesabında toplanan pensiya kapitalı əsasında ona təyin olunacaq aylıq pensiyanın məbləği müəyyən edilir. Sığorta olunan vəfat etdiyi halda isə, onun ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqlarının müqabilində ailə üzvlərinə pensiya təyin edilərək ödənilir”, - DSMF rəsmisi qeyd edib.

Mehdilinin sözlərinə görə, 18 yaşınadək övladları əyani oxuyarlarsa, 23 yaşınadək bu pensiyanı alırlar: “18 yaşı olmazdan əvvəl sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş övladlarının əlilliyi 18 yaşdan sonra da davam edərsə, onlar da bu pensyanı almaqda davam edirlər”.

“Bundan əlavə, sığortaolunanın ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqlarının əsasında onun digər ailə üzvləri, yəni pensiya yaşına çatmış arvadı (əri), anası, atası , həmçinin I və ya II dərəcə əlil olmuş arvadı (əri), anası, atası da istifadə etməklə, əmək pensiyası ala bilirlər. Yəni şəxsin topladığı pensiya kapitalı, özü vəfat etdikdə də ailə üzvlərinin sosial təminatına yönəldilir”, - Fond təmsilçisi vurğulayıb.

Əlavə edib ki, hazırda vəfat etmiş ailə başçısının ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqları hesabına pensiya (qısa desək, ailə başçısını itirməyə görə pensiya) alanların sayı 140 min nəfərdir: “Pensiyalarda hər ilin əvvəlində indeksasiya nəticəsində edilən artımlar ailə başçısını itirməyə görə ödənilən pensiyalara da şamil olunur. Bir neçə gün öncə həmin pensiyalar da ilin əvvəlindən indeksasiya olunaraq 11,4 faiz artırılıb”.

Vətəndaş Kəmalə Bayramovanın atası Sabir Bayramov da dünyasını dəyişib. Mərhum vəfat edənədək həm pensiya, həm də veteranlıq pulu alırmış. Vətəndaşı maraqlandıran sual isə ondan ibarətdir ki, atasının aldığı pensiyanı ailə üzvlərindən kimsə ala bilərmi?

Mehdili bu suala cavab olaraq deyib ki, mərhumun həyat yoldaşı özü pensiya yaşına çatdıqda ya öz yığdığı kapitalı, ya da pensiya yaşına çatıb və pensiya alan, dünyasını dəyişmiş həyat yoldaşının pensiya kapitalını seçə bilər.

Müqayisə üçün qeyd edək ki, bəzi xarici ölkələrdə, vəfat edən şəxsin pensiya kapitalı ailəsinə birdəfəlik ödənilir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev AYNA-ya deyib ki, bununla bağlı onlara da müəyyən müraciətlər daxil olur.

“Bizə daxil olan müraciətlərdə deyilir ki, hələ pensiya yaşına çatmayan ailənin bir üzvü rəhmətə gedəndə onun pensiyası ailənin digər üzvünə şamil olunsun. Bu məsələ hələlik gündəlikdə deyil. Bununla bağlı dünya və xarici ölkələrin təcrübəsi öyrənilir. Əgər sığorta pensiyası prinsipinə uyğundursa, bunu tətbiq etmək mümkün olar”, - deputat bildirib.

Quliyevin sözlərinə görə, hazırda güzəştli qruplar istisna olmaqla, pensiyaya çıxmaq üçün 25 il sığorta stajı, ya da 28800 manat minumum pensiya kapitalı olmalıdır.