Sabiq millət vəkili Musa Musayevin Yenisabah.az-a müsahibəsi:
- Keçmiş nazir Səlim Müslümovdan sonra cəmiyyətdə onun “sağ əli” kimi tanınan Əjdər Cəbiyev də həbs olundu. Sabiqlərin həbsini necə qiymətləndirirsiniz?
- Heç bir cinayət cəzasız qalmamalıdır. İstər sabiq, istər indi vəzifədə olan bir şəxs olsun, əgər o, rüşvətə, korrupsiyaya meyil edibsə, cəzasını almalıdır. Məsələn, bir neçə icra başçısı elə öz kabinetində vəzifə başında olarkən həbs edilib. Həmçinin dövlət məmurlarının, yüksək vəzifəli şəxslərin vəzifədə işlədiyi dövdə rüşvətə bulaşması barədə çoxlu söz-söhbətlər vardı. Yəni təkcə sabiqlər aid deyil. Bu, korrupsiyaya qarşı aparılan bir mübarizədir. 

Cənab Prezident də artıq iki ilə yaxındır ki, islahatlara start verib. Ulu öndərimiz də həmişə korrupsiyaya qarşı barışmaz mövqe tutub. Düşünürəm ki, dövlətin büdcəsini, nazirliyə ayrılan vəsaiti və yaxud vətəndaşların əməkhaqqını mənimsəyən məmur, komitə sədri, nazir, ümumiyyətlə, kimliyindən asılı olmayaraq korrupsiyaya bulaşan şəxs həbs olunmalıdır. Bu bir aksiomdur, isbata da ehtiyac yoxdur.
- Sizcə, hakimiyyət keçmiş məmurları dəmir barmaqlıqların arxasına göndərməklə nəyə nail olmağa çalışır? İqtidar bu həbslərlə kimlərə mesaj vermək istəyir?
- Düşünürəm ki, burada kimlərəsə mesajdan söhbət getmir. Araşdırmalar aparılır. O dövrdə yeyintilər olub, onlar da indi cəzasını alır. Hər bir cinayət gec-tez cəzalandırılmalıdır. Biz hüquqi dövlətdə yaşayırıq. Bizim qanunlarımız var. Hazırda vəzifə tutan şəxslər anlamalıdır ki, büdcənin vəsaitini, vətəndaşın haqqını yemək olmaz.
- Keçmiş məmurların həbsi hazırda hakimiyyətdə təmsil olunan rüşvətxor və korrupsioner rəsmilərlə bağlı əməliyyatları arxa plana keçirə bilərmi? Yoxsa icra başçılarının və digər rüşvətxor məmurların həbsi bundan sonra da davam edəcək?
- Düşünürəm ki, bu davamlı olacaq. Çünki təbii ki, əgər kimsə dövlət büdcəsindən vəsait mənimsəyibsə, korrupsiya bataqlığına yuvarlanıbsa, öz cəzasını alır. Prezident korrupsiyaya qarşı qəti mövqe tutub. Vəzifəyə təyin edəndə onlara dəfələrlə, “Gedin, xalqa, dövlətə xidmət edin. Özünüzü vətəndaşla bir tutun”,-deyib. Amma bir neçə başçının həbsindən sonra Cəlilabadın yeni təyin olunan icra başçısı da həbs olundu. Görünür, onlar bu hadisələrdən, deyilənlərdən nəticə çıxarmırlar. Kimliyindən asılı olmayaraq korrupsioner olan hər bir kəsin həbsinin tərəfdarıyam. 44 günlük müharibədə bizim milyardlarla vəsaitimiz xərclənib. Erməni daşnakları bizim bütün rayonlarımızı, kəndlərimizi darmadağın edib. Belə bir dövrdə əgər sən öz şəxsi mənafeyini dövlətin mənafeyindən üstün tutursansa, cəzaya layiqsən.
- Sizcə, vəzifəli şəxslər niyə rüşvət alırlar? Azərbaycanda təmiz işləmək mümkün deyil?
- Təmiz işləmək, əlbəttə, mümkündür. Məsələn, istər nazir, istər agentlik rəhbəri, istərsə də bəzi rayonların icra başşçıları olsun, islahatlar dövründə gənc kadrlar təyin olundu. Onlar Avropa təhsilli yüksək potensialı olan gənc kadrlardır və düşünürəm ki, onlar barədə elə bir narazılıq yoxdur.