Koronavirus pandemiyasının yayıldığı bir zamanda tez-tez müxtəlif ölkələrdən həm də zəlzələ xəbərləri gəlir.
Hətta eyni gündə bir neçə ölkədə silkələnmə olub. Bu gün Yaponiyada, Tokionun şimal-şərqində 5,5 bal gücündə zəlzələ baş verib. İndoneziyanın şərqində, Tanimbar adaları yaxınlığında da 5,7 gücündə də zəlzələ qeydə alınıb. Eyni zamanda, Çilinin şimalında da güclü zəlzələ olduğuna dair xəbər var. Episentrdə yeraltı təkanların gücü 5,5 bal təşkil edib. Bir neçə gün öncə ölkəmizdə də zəlzələ qeydə alınmışdı.
Koronavirusun beyin məhsulu olması, təbii yox, süni yaradıldığı, laboratoriyadan yayıldığı barədə sualların artdığı bir zamanda yeralıt təkanların da ardıcıllığı diqqətdən qaçmır. Bir çox hallarda isə hətta zəlzələlərin də süni yaradılması mümkünlüyü barədə məlumatları nəzərə alsaq, bu ikisi arasında rabitə tapmaq istəyənlərin sayının artması gözləniləndir.
Doğrudur, rəsmi məqamlar və ekspertlər bu əlaqəni mümkün hesab etmir.
Cebhe.info-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib ki, son günlər davamlı xarakter alan yeraltı təkanların koronavirusla bağlılığı yoxdur:
"Zəlzələ ilə pandemiyanın heç bir əlaqəsi yoxdur və ola da bilməz. Çünki zəlzələ Yerin litosfer qatında gedən proseslər zamanı baş verən təbii hadisədir. Onun insanlar arasında bu və ya digər səbəbdən yayılmış xəstəliklə əlaqəsi ola bilməz. Sadəcə olaraq, dünyada Azərbaycan da daxil olmaqla seysmik aktiv bölgələr çoxdur və həmin yerlərdə vaxtaşırı hiss oluna bilən və hiss olunmayan zəlzələlər baş verir".
V. Rafiqqızı zəlzələyə digər amillərin də təsiri olmadığını vurğulayıb:
"Zəlzələ ocaqları yerdə çox dərinlikdə yerləşir. Bu, litosferdə gedən proseslərdir. Yerin üstündə heç nə ona təsir etmir, amma okeana açıq ölkələrdə zəlzələ sunami yaradır. Bizdə isə Xəzər dənizi qapalı hövzə olduğundan, belə bir təhlükə yoxdur. Yəni, zəlzələ çox fəsadlar yarada bilir. Amma təbiətdən başqa heç nə zəlzələ yarada bilməz. Mədənlərdə yeraltı partlayışlar zəlzələ deyil və müasir cihazlar bu dalğaları ayıra bilir".
O, Azərbaycanda hazırda seysmoloji gərginliyin zəif olduğunu deyib:
"Bu saata qədər ölkə ərazisində seysmiklik fon səviyyəsindədir. Yəni, bizim stansiyalar hər gün hiss olunmayan təkanlar qeydə alır, amma onlar çox zəifdir. Lakin heç kim də deyə bilməz ki, zəlzələ olacaq, ya olmayacaq. Yəni birmənalı proqnoz mümkün deyil".
Ekoloq Telman Zeynalov isə deyir ki, 21-ci əsrə qədəm qoyandan elm dünyadakı prosesləri izləyə bilmir:
“Kapitalizmlə SSRİ arasında toqquşma vardı. SSRİ dağıldı, elm dağıldı. Koronavirusun özü sünidir, süni şəkildə yaradılıb. Məcbur edirlər ki, dövlətlər bu tədbirlərə qoşulsun. Milləti evdə oturtsun, iqtisadiyyata zərbə dəysin. Koronavirus qurtardıqdan sonra hansı dövlətlərin qalacağı sual altındadır. Çox dövlətlər tamamilə müflis olacaq, digər dövlətlər onu əsarət altına alacaqlar. Deyirlər ki, atmosfer təmizləndi. İşlər başladıqdan sonra daha betər çirklənmə olacaq”.
Ekspet zəlzələlərin pandemiya ilə əlaqəsindən də danışıb:
“Zəlzələyə gəlincə, demək olmaz ki, süni şəkildə yaradılır və ya bunun pandemiya ilə əlaqəsi var. Üç dövlətin arasında müharibə gedirsə, inanmıram ki, zəlzələ süni şəkildə yaradılsın. Sadəcə, zəlzələ ocaqları var ki, orada da yeraltı təkanlar güclənir. Ancaq tez-tez baş verərsə, deyə bilərik ki, həmin zonaların artıq sonudur”.