Bu gün Nəsibə Zeynalovanın doğum günüdür - FOTO
20-04-2021, 12:10
28

Bu gün Nəsibə Zeynalovanın doğum günüdür - FOTO

Bu gün Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Mükafatı Laureatı, qüdrətli gülüş ustası, Azərbaycan səhnəsinin parlaq ulduzu, xalqımızın sevimli sənətkarı Nəsibə Zeynalovanın anadan olmasından 105 il ötür.
Nəsibə Zeynalova 1916-cı il aprelin 20-də Bakıda dünyaya göz açıb.
Atası Kərbəlayı Cahangir Bakıda anadan olub və tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub.
İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkləşməsini görmək Cahangir Zeynalova nəsib olmayıb.
1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə birlikdə İrana yollanıb.
Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Böyüdükdən sonra o, atasının arzusunu reallaşdıra bilib.
Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnmişdi. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb.
Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı.
Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.
Geniş diapazona, əlvan xarakter xüsusiyyətlərinə, təbii yumor gücünə malik Nəsibə Zeynalovaya tale əsl səhnə ustası üçün lazım olan bütün keyfiyyətləri bəxş etmişdi.
Demək olar ki, Nəsibə Zeynalova, anadan artist doğulmuşdu. Onun barəsində danışmaq, musiqili teatrımızdan söhbət açmaq deməkdir.
Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa Azərbaycan klassik operettalarının tamaşalarında Gülpəri, Cahan xala, Sənəm (“Ər və arvad”, “Arşın mal alan” və “Məşədi İbad”, Üzeyir bəy Hacıbəyli), Mələk xanım və Kələk xanım (“Əlli yaşında cavan”, Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.
Aktrisanın zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi Kabato və Barbale (“Keto və Kote”), Ziraldina (“İki ağanın bir nökəri”), Zivər xanım (“Məhəbbət gülü”), Qesiya (“Tiflis nəğməsi”), Gülbadam (“Qız anası”) rollarının xüsusi yeri var.
Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır.
Uzun illər gənclik ilhamı ilə canlandırdığı bir-birinə bənzəməyən parlaq obrazlar səhnəmizin qiymətli inciləridir. Böyük sənətkarın yaratdığı obrazlar hər dəfə ekranda canlanarkən bütün tamaşaçılar kimi aktyor dostları da dərin sevinc içərisində olurlar, çünki onunla nə vaxtsa bir səhnədə çıxış etdiklərini böyük bir səadət hesab edirlər.
Xüsusilə Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur.
Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova, həmçinin Cəfər Cabbarlı adına “Azərbaycanfilm”in çoxlu ekran əsərlərinə çəkilib.
Kino obrazları içərisində Fatmanisə (“Ögey ana”), Telli (“Böyük dayaq”), Züleyxa (“Ulduz”), Cənnət xala (“Qaynana”), Gülsüm (“Molla Fətəlinin sərgüzəşti”), Əsli xala (“Bəyin oğurlanması”) rolları daha canlı və daha şöhrətlidir.
Bədii filmlərdə yaratdığı bir sıra obrazlar “Azərbaycanfilm” kinostudiyasının qızıl fonduna daxil edilib.
Azərbaycanın Xalq artisti, müxtəlif dövlət mükafatlarına layiq görülmüş Nəsibə Zeynalova üçün ən böyük mükafat tamaşaçı sevinci, tamaşaçı alqışı idi. Onun qazandığı bu alqış və sevgi əbədidir, tükənməzdir.
Məlumat üçün bildirək ki, Nəsibə Zeynalovanın 100 illiyi və atası Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi və pedaqoq Cahangir Zeynalovun 150 illiyi Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə silsilə tədbirlərlə qeyd edilib.
Nəsibə Zeynalova 2004-cü il martın 10-da Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.




Oxşar xəbərlər

Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olundu
Prezident İlham Əliyev Cahangir Əsgərovu təltif etdi
Cahangir Əsgərov Londondakı şirkətinin adını dəyişdi - İZ AZDIRIR?
Azərbaycanla Pakistan arasında birbaşa aviareyslər açılacaq
Əsgərovların Londondakı şirkətində şübhəli ad dəyişikliyi - İz qarışdırır? (FOTOFAKT)
Xalq artistinin məzarı baxımsız vəziyyətdədir - Fotolar
Cahangir Əsgərovun rəhbəri olduğu federasiyada ETİRAZ - FOTO
Tanınmış aktyor Ramiz Hüseynzadə vəfat edib
Azər Zeynalovun nitqi tutulub? - Oğlu danışdı
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 137 il ötür
Ramiz Zeynalov vəzifədən azad olundu
Azərbaycanın xalq rəssamı vəfat etdi
Tanınmış yazıçı vəfat etdi
Azərbaycanda tanınmış aktyor öldü - Foto
Bakıda dəhşətli faciə: 19 yaşlı oğlan atasını qətlə yetirdi
Bu gün Rəsulzadənin anım günüdür
Cahangir Əsgərova nə olub? – İki aydır maaş vermir
Teatr tariximizdə iz qoyan görkəmli sənətkar
2020-ci ildə itirdiyimiz sənət adamları - FOTO
Cahangir Əsgərov lotudur?
Hacıbaba Zeynalov dünyasını dəyişdi
Vidadi  Zeynalovun yenidən  həbsi  gözlənilir
Şəhid övladı atası ilə eyni gündə doğuldu (FOTO)
Azərbaycan əsilli fransız aktyor koronavirusdan öldü
Xalq artisti vəfat etdi
AZAL prezidentinin həyat yoldaşını məhkəməyə verdilər - SƏBƏB
Səfurə İbrahimova dəfn edildi
AZAL-da yoxlamalar başlayıb: - Əsgərovun aiqbəti necə olacaq?
YAŞAT üç qazi ilə bağlı açıqlama yaydı - FOTO
Aktyor Rəşid Səməndər intihar edib