Dənizkənarı Bulvarda kənardan gətirilən elektrikli skuter sürmək qadağan edilib.
Bu barədə Orxan Əkbərov adlı sosial şəbəkədə istifadəçisi məlumat paylaşıb.
O bildirib ki, dostu ilə birlikdə Neftçilər prospektində yerləşən mağazalarının birindən elektrik skuter kirayə götürüblər:
“Yeraltı keçidlə Dənizkənarı Bulvara keçdik, yeni bulvarda velosiped və skuterlər üçün ayrılmış yerə getdik. Elə təzə skuter sürməyə başlamışdıq ki, Dənizkənarı Bulvar İdarəsinin mühafizəsi hər addım başı bizi saxladı. Bizə bildirdi ki, skuteri bulvardakı kirayə yerindən götürmədiyimiz üçün burda sürməyə icazə yoxdur.
Bildirdim ki, skuter özümə məxsusdur. Mühafizə də əlavə etdi ki, bunu sübut etməliyəm. Yəni cibinizdə skuteri aldığınıza dair çeklə gəzməlisiniz”.
Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsi ilə əlaqə saxlasaq da, cavab ala bilmədik.