Sakit olun, Bayram Səfərov yatıb...
15-05-2021, 15:37
57

Sakit olun, Bayram Səfərov yatıb...

Mövzumuz yenə Şuşanın icra başçısı Bayram Səfərovdur. Dünyanın ağzıaçıq şəkildə izlədiyi, həsədindən partladığı Şuşadakı mədəniyyət festivalını Bayram müəllim yataraq keçirib. Necə deyərlər, bütün o gözəlliklərə gözünü yumub. İcra başçısının daha öncə də mötəbər tədbirlərdə yatmışlığı olub deyə qəribsəməzdik. İncəvara hamımız onu gözüyumulu görməyə alışmışıq. Amma Şuşada yox da. Amma o tarixi tədbirdə olmaz da.
Ortada fotolar olmasa bəlkə də kimlərsə şayiə yayıb deyərdik. Düzdü, indi Bayram müəllim də çıxıb təkzib verə bilər ki, hava günəşli idi, üzümə gün düşürdü deyə gözünü qıymışdım. Ya da deyər, mənim göz qapaqlarım ətlidi deyə azcıq gözümü yumanda yatmış kimi görünürəm. Bədəbəddə qayıdar ki, xoşbəxtlikdən gözümü yummuşdum, səsin sehrinə dalmışdım… Deyərmi, deyər! Bəlkə də elə dediyi kimidir. Amma məsələ təkcə həmin tədbirdə yatması deyil ki… Məsələ Bayram müəllimin illərdir yatmasıdır.
Söz vaxtına çəkər. Ötən il bu vaxt Paşinyan Şuşada yallı gedəndə icra başçısından münasibət soruşmuşdular. Cavabı belə olmuşdu ki, “Paşinyan Şuşaya getdiyi yerdə qıçları qırılsın! Paşinyan yanımda getdiyi yerdə onu qayadan aşırdaram! Bura bax, onu qayadan tufulladaram!” Bu qədər qəzəbli, bu qədər radikal, yəni. Bəli, dünyanın gözü Şuşada olan zamanlarda ən uğursuz açıqlamalar və davranışlar niyə Bayram Səfərovdan gəlir axı? Qarabağın gözü, dilbər guşə, mədəniyyət paytaxtımız, düşmənin ürəyini partladan Şuşanı daha uğurlu bir kadr təmsil edə bilməzmi? Paşinyanı mənən qayadan aşırdan da var, tufulladan da. Bunu bütün qarabağlı nənələr də arzulayır, dillərinə də gətirir. Amma icra başçısının ritorikası, davranışı fərqli olmalı deyilmi?
Ağıllı kənd, ağıllı şəhər deyirik. Yeni yollar çəkir, yeni infrastruktur inşa edirik. Təzələnirik, yenilənirik. Bir zəhmət kadrlar da yenilənməli deyilmi? Ağıllı kəndə, ağıllı şəhərə daha hazırlıqlı, dinamik, müasir dünyadan anlayışı olan məmurlar rəhbərlik etməməlidir? Tədbirdə yatan, xalqın əsəbi qaynayan vaxt lətifə kimi açıqlama verənlərlə hara qədər axı? Daha nə olmalıdır ki, onunla vidalaşmaq zamanı gəldiyini anlasınlar? “Makronu qanına bələnsin, Lavrovun vayına oturum” deyəndən sonra anlayacağıq? Məmur, icra başçısı, hələ-hələ Şuşanı təmsil edən şəxsin bir danışıq, davranış etiketi, nümunə hərəkətləri, sözləri olmalı deyilmi?
O gün xəbərlərdə izlədim. İcra başçılarından biri Qarabağ qazisinə süpürgəçi işi təklif edib. Daha öncə bir başqası şikayət üçün gələn şəhid anasına ərə getməyi təklif etmişdi. O biri rüşvəti evində alır, bloknota yazmır. Bir başqasının uşağı “kayf üçün” marketdə çipsləri qırıqlayır. Nədən zövq alırlar bunlar? Bu hala gələnə qədər, bu hala gəlmək üçün nə yeyib-içirlər? Harda yetişirlər? Maraqlanırsan, maaşları 1000 manatdan o tərəfə deyil. Amma yaşayış, geyim-gecim, dolanışıqda Rockfeller bunların yanında qələt edir…Yeyirlər, amma doymurlar. Bütün dünyanı gəzirlər, amma içləri bomboşdur. Maraqlansan, çoxlarının uşağı da psixoloq yanından çıxmır, daim bədbəxt, natamam hiss edir özünü. Çünki o məşhur ifadə ilə desək, nəyə görə yaşadıqlarını bilmirlər. Arzuları bir-bir həyata keçdikcə, normal arzular bitdikcə, anormallığa keçirlər.
Bax, indi Bayram müəllimdən soruşsan ki, nə yuxu görürdün, niyə yatırdın, nə cavab verəsidir? Yuxu kimi bir gün yaşayırıq əslində. Reallığa çevrilən. Düşmən ölkənin sosial şəbəkəsi dağılır. Hamı Paşinyanın arvadına lağ edir: “Anna, keçən il Mehriban Əliyevanı Şuşaya qonaq çağırırdın, muğam dinləməyə. Mehriban Əliyeva gəldi, sən hardasan? Ərin sayəsində indi azərbaycanlılar orda ev sahibidir”. Statuslarından tüstü çıxır az qala. Bizim Bayram müəllimi də kimsə oyatsın, çatmışıq. Biz indi doğma Şuşadayıq…
Şuşa təzələnir, Şuşa yenilənir. Şuşanın icra başçısını da yeniləyin…
Sevinc Telmanqızı/ Musavat.com

Oxşar xəbərlər

Bayram Səfərov "Xarıbülbül" festivalında YATDI
"Bayram Səfərov əraziləri işğal edib!"
İcra başçısı hələ də azad olunan rayonuna getməyib
Bayram Səfərova Şuşaya getmək qadağan edildi - Siyahıda başqa kimlər var?
Bayram namazı kütləvi şəkildə qılınacaqmı? - AÇIQLAMA
Bayram Səfərovun vaxtı çatdı: Yola salınır
“Bayram Səfərov dedi ki, mən sizin Şuşada icra başçınızam, Bakıda yox” - GİLEY
Azərbaycanda bayram namazı necə qılınacaq? - RƏSMİ
Şuşanın icra başçısı onu tənqid edənlərə “kor” dedi
“Şuşalılar zəng edirlər ki, nə vaxt köçürük?” - İcra Başçısı
Qarabağ qazilərinin qələbə sevinci (VİDEO)
Bayram namazının vaxtı AÇIQLANDI
Vilayət Eyvazov Bayram Səfərovun oğlunu işdən çıxardı
Sabah Şuşada bayram namazı qılınacaq
Binəqədi icra başçısı iki gözünü itirən qazimizə qarşı SAYĞISIZLIQ - Prezident “Cəsur döyüşçü” adı verib
İctimai nəqliyyat həftəsonları və bayram günləri işləməlidir! - Deputat
29 ildən sonra Şuşada bayram namazı... - VİDEO
Tovuzun MƏMMƏDLİ GÜNLƏRİ... - GİLEY
Xankəndidə əsir düşən qazimiz Bayram: “Gözümü açanda gördüm ki...” - FOTO
Şuşada Yeni il yolkası – FOTO
Bakıda İlaxır çərşənbə və Novruz mərasimləri TƏXİRƏ SALINIR
Amin Musayevlə Bayram Kərimov azad olunur? - “Qızıl Xaç”dan reaksiya
Bugünkü yoluxma rəqəmləri reallığı əks etdirmir - VİDEO
22 yaşında Şuşadan çıxan qadın 18 yaşlı oğlu ilə geri qayıdır: “Orada yaşayacağıq” - VİDEO
Bayram günləri taksilərin qiyməti artdı?
Bayram günlərində iki həftəlik sərt karantin...
Laçın rayonunda hərbçilərə bayram sovqatı çatdırıldı
Bayram günləri ictimai nəqliyyat işləməyəcək - RƏSMİ
Əsirlikdəki əsgərimizin anası danışdı: “Dedi Şuşaya gedirəm...”
“Bu gün yuxularımızın gerçəkləşdiyi gündür” - Hacı Şahin