Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Xırdalan şəhəri Şıxəli Qurbanov küçəsi 38 ünvanında icra başçısı İradə Gülməmmədovanın qanunsuz olaraq çoxmənzilli apartman binasının tikintisi ilə bağlı verdiyi icazəyə sözügedən qurum rəsmi reaksiya verib.
Komitənin xidmətindən Unikal.org-a verilən məlumatda qeyd olunur ki, Komitəyə 18.05.2021 və 27.05.2021-ci il tarixlərində daxil olmuş vətəndaş şikayətlərinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsində gedən inşaat işləri ilə bağlı dərhal araşdırmaya başlanılıb:
“İlkin baxış müddətində vətəndaş tərəfindən fərdi yaşayış evinin tikintisi üçün aparılan söküntü işlərində qanun pozuntusu qeydə alınmamışdır. Lakin əraziyə növbəti monitorinq zamanı vətəndaşın mülkiyyətində olan torpaq sahəsində qanunla yol verilən tikinti əmsallarını pozaraq özülün qazıldığı aşkarlanmış, müvafiq inşaat işlərinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmadan qanunsuz şəkildə həyata keçirildiyi müəyyən edilmişdir. Bununla bağlı həmin torpaq sahəsində tikinti işlərinin dayandırılması və müvafiq tədbirlərin görülməsi üçün Abşeron Rayon İcra Hakimiyyətinə və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət ünvanlanmışdır”.
FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən isə bildirilib ki, sözügedən ərazidə çoxmənzilli apartman binası tikilə bilməz. Əgər həmin ünvanda icazə sənədlərindən kənar hər hansı bir tikinti işi aparılacaqsa, tərəfimizdən söküləcək.
Orxan Həsənli
İki qurumdan Xırdalandakı qanunsuz tikinti ilə bağlıAÇIQLAMA - SÖKÜLƏCƏK