Milli Məclis deputatı Elman Nəsirovun Yenisabah.az-a müsahibəsi:
- Elman bəy, Moskva görüşünün nəticələrini necə qiymətləndirirsiniz? Bu görüşdən sonra regionda nə dəyişəcək?
- İlham Əliyevlə Vladimir Putinin görüşü iki istiqamət üzrə diqqəti cəlb etdi. Birincisi, bu görüş pandemiya dövründə Azərbaycan-Rusiya əlaqələrinin qiymətləndirilməsi baxımından önəm daşıyır. Düzdür, pandemiya dövründə iqtisadi əlaqələrdə 10 faizlik bir geriləmə qeydə alınsa da, son altı ayın yekunlarına görə ortada müsbət tendensiya mövcuddur. Ticarət dövriyyəmizin səviyyəsi artıb. 
Amma təbii ki, bu səfər çərçivəsində ən çox diqqəti cəlb edən məsələ post-müharibə dövrünün yeni reallıqlarının qiymətləndirilməsi və bu reallıqlar fonunda Rusiya-Azərbaycan münasibətlərinin vəziyyətidir. Hər iki prezident vurğuladı ki, 10 noyabr və 11 yanvar sənədləri icra edilməli, razılaşmalar həyata keçirilməlidir. Bu müsbət hadisədir. 
Bundan başqa, diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biri də kommunikasiya əlaqələrinin bərpasıdır. Rusiya da Azərbaycan dövləti kimi Zəngəzur dəhlizinin açılmasını dəstəkləyir. Yəqin ki, danışıqların gedişatında ölkə başçısının həmişə dediyi məsələ, yəni Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olması da gündəmdə olub. Ermənistan bu müraciətə hələ ki müsbət cavab vermir, vaxtı uzadır. Bir çox hallarda  sərhədboyu hərbi təxribatlara əl ataraq atəşkəs rejimini pozur.  Bunlar da təbii olaraq sülh müqaviləsinin imzalanması imkanlarını məhdudlaşdırır. Digər bir diqqət ayrılan məsələ isə Ermənistanın Azərbaycana minalanmış ərazilərin xəritəsini verməsi ilə bağlı olub. Düzdür, bu istiqamətdə müəyyən addımlar atılıb. Ancaq davamlı xarakter kəsb etməli və bütün minalanmış ərazilərin xəritəsi verilməlidir. Ən əsası odur ki, həm Azərbaycan, həm də Rusiya dövlətinin rəhbəri post-müharibə dövrünün reallıqlarına münasibətdə eyni mövqe ortaya qoyur. Həmin mövqe də ondan ibarətdir ki, regionda əməkdaşlıq mühiti formalaşdırılmalıdır. Bu isə ilk növbədə iqtisadi əlaqələrin bərpasından keçir.

- Yaxın vaxtlarda Rusiya və Azərbaycan arasında Zəngəzur dəhlizi ilə bağlı hansısa yeni müqavilə imzalana bilər?
- Zəngəzur dəhlizi ilə bağlı Rusiya ilə Azərbaycanın ikitərəfli formatda hər hansısa sənəd imzalaması ağlabatan deyil. Çünki söhbət Azərbaycan-Rusiya münasibətləri yox, Azərbaycan-Ermənistan münasibətlərindən gedir. Zəngəzur dəhlizi bugünkü Ermnistan ərazisindən keçir. Ona görə də Ermənistanın iştirak etməyəcəyi təqdirdə Azərbaycan və Rusiyanın bu məsələlərlə bağlı müqavilə imzalamasının elə də hüquqi əsası olmur. Azərbaycan-Ermənistan razılaşmasının əldə edilməsi üçün isə Rusiyanın Ermənistana təsir imkanları böyükdür. Çünki bu məsələdə Rusiya Azərbaycanla üst-üstə düşən mövqe ortaya qoyur. 
Amma obyektiv olaraq onu da qeyd edək ki, əslində, Paşinyan özü də seçkiqabağı çıxışlarında  dəfələrlə söyləmişdi ki, Zəngəzur dəhlizinin açılması labüddür, dəhlizin açılmasına mane olsaq, nəticədə Azərbaycan da blokadanı götürməyəcək və imkan verməyəcək ki, Ermənistanın Rusiya və İranla dəmiryolu xətləri işə düşsün, yəni tənəzzülün aradan qaldırılması üçün heç bir münbit şərait olmayacaq. Bütün bunlar Paşinyanın fikirləridir. Ancaq, görünür, buna görə ona təzyiqlər çoxdur, Fransadakı erməni lobbisinin, erməni diasporunun, Ermənistandakı revanşistlərin təzyiqi fonunda Paşinyan Zəngəzur dəhlizinin Ermənistana hava-su kimi lazım olduğunu dərk etsə də, hələ ki bu məsələlərlə bağlı konkret mövqe ortaya qoya bilmir. Hələ ki ifadəsini təsadüfən işlətmədim, içimdə inam var ki, yaxın perspektivdə bu problem öz həllini tapcaq, Azərbaycan və Rusiya prezidentlərinin Moskva görüşü bu proseslərin baş verməsi üçün çox münbit şərait yaradıb.
- Bəs Ermənistan təzyiqlər səbəbilə dəhlizin açılması prosesini yubatmağa davam edərsə, münasibətlər hansı müstəvidə inkişaf edəcək?
- Hər halda Azərbaycan bu istiqamətdə üzərinə düşən məsələləri tam şəkildə həyata keçirir. Zəngəzur dəhlizinin açılması üçün Ordubaddan Naxçıvanadək olan dəmiryolu xətti  işləyir və onun natamam qalan hissəsində quruculuq işləri həyata keçirilməkdədir. Onu da qeyd edim ki, Horadizdən Ağbəndə qədər də dəmiryolu çəkilməkdədir. Ağbənd artıq Ermənistan sərhədidir. Məhz Ağbənddən qatarlar Ermənistan ərazisinə daxil olacaq, sonra Zəngəzur dəhlizindən gedib düz Naxçıvana çıxacaq. Bu istiqamətdə Azərbaycan sistemeli işlər görür.  
Yaxın zamanda onlar yekunlaşacaq, qalacaq 40 kilometrlik ərazi, Ermənistan tərəfi də iqtisadiyyatının çökməsi faktı qarşısında qaldığı üçün istəməsə belə, dəhlizin açılması istiqamətində addım atmağa məhkum olacaq. İlham Əliyevin bu məsələdə qətiyyətli mövqeyi var. Azərbaycan məsələlərin dinc yolla həllini istəyir, amma Ermənistan tərəfi təxribatlardan əl çəkməyəcəyi təqdirdə, “dəmir yumruq” göstəriləcək. Bu isbata ehtiyacı olmayan bir aksiomdur.
- Qayıdaq Moskva görüşünə. Görüşdə Putin İlham Əliyevə kompromislərlə bağlı təşəkkür etdi. Söhbət hansı güzəştlərdən gedir?
- Hesab edirəm ki, bununla bağlı yalnız və yalnız bir hadisəni qeyd etmək olar. Məlumdur ki, Azərbaycanda erməni diversantları saxlanılır, onlar müharibə bitdikdən sonra Azərbaycan ərazisində etdikləri terorçu əməllərə görə saxlanılıb. Onların üzərində məhkəmə prosesi də getməkdədir, lakin Azərbaycan humanizm prinsiplərindən çıxş edərək iki dəfə Ermənistana doğru addım atdı, yəni həmin ermənilərin bəzilərinin qaytarılması prosesi reallaşdı. Bu, humanizm prinsiplərindən irəli gələn məsələdir, həm də kompromisimizdir. Çünki Ermənistan tərəfi də iki dəfə minalanmış ərazilərin xəritələrini Azərbaycana qaytarıb. İstisna deyil ki, perspektivdə də analoji adıdmlar atılsın. Ancaq hər şey qarşılıqlı olacaq.
- Azərbaycan nə vaxtadək Ermənistana və Rusiyaya kompromisə gedəcək? Bunun sonu var?
- Dünya praktikasına baxsaq, görərik ki, qalib dövlət həmişə məğlub dövləti alçaldıb. Ona qarşı təhqiredici şərhlər irəli sürüb, aşağılayıb. Azərbaycan isə bu məsələdə bir daha öz sivilliyini dünyaya nümayiş etdirdi, mədəniyyətini göstərdi. Azərbaycan qalib gəldiyi dövləti nəinki alçaldır, hətta altıtərəfli əməkdaşlıq formatına cəlb edir.  Həmin formatda Türkiyə, Rusiya, Gürcüstan və İran var. Beş dövlət iştirak edir və altıncısı da Ermənistan olsun deyilir. Bu ideyanı Prezident İlham Əliyev irəli sürüb, cənab Ərdoğan da müdafiə edib. Qalibin məğlubla bu cür davranışı elə ən böyük kompromisdir, biz Ermənistana əməkdaşlıq əlimizi uzadırıq. Dünya praktikasında isə məğlub əməkdaşlıq təklifi irəli sürərkən belə qalib onun əlini geri qaytarır. Bu bizim böyük sivilizasiya daşıyıcısı olduğumuzu təsdiqləyir. Qoy, dünya görsün ki, qalib Azərbaycan məğlub Ermənistana əməkdaşlıq təklif edir. Regional layihələrdə iştirak potensialını ortaya qoyur. Zəngəzur dəhlizini açmaqla Ermənistanı blokadadan çıxarır. Bundan böyük nə kompromis ola bilər?
- Yaxşı, bu kompromislərə getdiyimiz halda, Rusiya bizdən tam olaraq nə istəyir?
- Rusiya regionun mühüm dövlətidir, hətta regional fövqəldövlətdir.  Rusiyanın milli təhlükəsizlik konsepsiyasında postsovet məkanı  strateji zona elan edilib və bu nöqteyi-nəzərdən postsovet məkanında, xüsusilə də, Cənubi Qafqazda baş verən proseslər, artıq tarixə çevrilmiş Qarabağ müharibəsinin yekunları və bundan sonra baş verəcəklər Rusiyanın maraq dairəsindədir. Rusiya çox gözəl dərk edir ki, Ermənistanda revanşist qüvvələr var və onlar istənilən imkandan istifadə edib vəziyyəti gərginləşdirmək, dövlət çevrilişinə cəhd etmək, inqilabi proseslərə start vermək və nəticədə yenidən regionu müharibəyə sövq etmək istəyə bilərlər. Elə ona görə də Rusiya prosesləri diqqətlə izləyir. Rusiya bilir ki, Azərbaycan sabitlik yaradan, əməkdaşlıq mühitinin yaranmasına töhvə verən bir dövlətdir. Nəticə olaraq Azərbaycanla işləmək, mümkün təhdidlərin qarşısını almaq üçün bu əməkdaşlığı genişləndirmək rəsmi Moskvanın maraqları dairəsindədir.
- İlham Əliyev artıq münaqişədən sonrakı dövrdə atılmalı olan addımlara diqqət çəkərək Azərbaycanın qətiyyən müharibə tərəfdarı olmadığını göstərdi. Bu isə özlüyündə sülh sazişinin imzalanmasının vacibliyinə gətirib çıxarır. Sizcə, Putin Ermənistanı bu sazişi imzalamağa məcbur edəcək? Bunun qarşılığında Azərbaycandan müəyyən tələbi ola bilər?
- Azərbaycanın davranışı bəllidir. Azərbaycan dövləti 30 ildən sonra istəyir ki, regiona sülh və əmin-amanlıq gəlsin. Bu da məlum sülh müqaviləsinin imzalanmasında keçir. Ermənistan rəhbərliyi çox gözəl anlayır ki, sülh müqaviləsi olmayacağı təqdirdə Ermənistanın gələcək inkişafı mümkün deyil. Amma əvvəldə də qeyd etdiyim kimi, Ermənistandakı daxili situasiyanı nəzərə aldıqda bu qənaətə də gəlmək olar ki, Ermənistanın indiki rəhbərliyi hələ ki radikal addımlar atmaqdan ehtiyat edir, bu məhz daxili situasiya və təzyiqlərlə bağlıdır. Amma hər halda Rusiyanın Ermənistana son dərəcə ciddi təsir göstərmə imkanı var. Rusiya bu gün regionda əməkdaşlıq mühitinin formalaşmasında, xüsusilə, Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Çünki bu baş versə, Rusiyanın hərbi-strateji müttəfiqi hesab edilən Ermənistanla birbaşa dəmir yolu və nəqliyyat rabitəsi yaranmış olur. Belə olan vəziyyədə Rusiya müəyyən mənada Ermənistana təsir göstərib Paşinyanın mövqeyini gücləndirə bilər. Bəs bunun qarşılığında nə ola bilər?
Azərbaycan dövlətinin siyasəti ilə bağlı Putini narahat edə biləcək məsələ yoxdur. İlham Əliyev müstəqil və milli maraqlara söykənən siyasət həyata keçirir. Bu siyasət heç bir halda Rusiyanın əleyhinə deyil, hətta Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Putin çox gözəl bilir ki, Azərbaycanın ABŞ ilə münasibətləri Rusiyanın əleyhinə deyil, eyni zamanda, Co Bayden də görür ki, Azərbaycan-Rusiya münasibətləri ABŞ-nin əleyhinə deyil. Bəli, belə müxtəlif güc mərkəzlərinə bərabər məsafədə dayanmaq siyasətini Azərbaycan həyata keçirir. Ona görə də Rusiya prezidentinin hazırda arxayın olmadığı yeganə yer Ermənistandır. 
Çünki Paşinyan həm Qərbin, həm Sorosun adamıdır, həm də düşdüyü ağır vəziyyətdə Putinin adamı olmaq istəyir. Putin də köhnə “çekist” olaraq bunları anlayır. Təsadüfi deyil ki, o Paşinyanı qəbul edərkən ona müftəxor kimi baxır. Çünki Paşinyan hər Moskvaya gedəndə Rusiyadan nəsə qoparmaq istəyir. Bu düşüncə Putinə hakimdir. Azərbaycan prezidentinə qarşı isə o çox xoş, qarşılıqlı hörmətə əsaslanan münasibət göstərir, bərabərhüquqlu tərəf kimi baxıb səmimi görüş keçirir. Təkcə ikitərəfli deyil, regional və beynəlxalq məsələlərlə bağlı da Azərbaycan Prezidenti ilə rahat müzakirələr aparır və hesab edirəm ki, Azərbaycan və Ermənistanın  Rusiya üçün fərqi həm də bunadır.