Ötən həftə Azərbaycanda daha bir sığorta şirkəti İcbari Sığorta Bürosunun (İSB) reyestrinə daxil edilib.

Bununla da, ölkədə icbari sığorta məhsulları satan şirkətlərin sayı 19-a çatıb. Hazırda ölkədəki sığorta şirkətlərinin böyük əksəriyyəti icbari sığorta bazarının iştirakçısıdır. Onlar isə əsasən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına maraq göstərir, "Avtomobillərin icbari sığortası" kimi tanınan bu sığorta növünün hesabına sığorta haqqı toplamağa çalışır. Ekspertlərin fikrincə, bütün ölkələrdə sığorta bazarının meyarı könüllü sığortaların həcmi ilə ölçülür. Əgər biz Azərbaycanda bazarın genişlənməsini, böyüməsini, inkişaf etməsini istəyiriksə, könüllü sığorta növlərinə daha çox fokuslanmalıyıq.

Yəni Azərbaycan sığortaçıları o qədər bərbad vəziyyətdədir ki, icbari sığortasız məhv olar. Hazırda bu, bir reallıqdır və Azərbaycan sığorta bazarı demək olar ki, icbari sığortadan ibarətdir. Bəs ölkədə niyə könüllü sığortaya keçid reallaşmır?

İqtisadçı-hüquqşünas Əkrəm Həsənov Cebhe.info-ya bildirib ki, ölkədə sığorta bazarının əsasən icbari sığortadan ibarət olmasının əsas səbəbi sığorta şirkətlərinə etimadın olmamasındadır:

“Onlar öhdəliklərini yerinə yetirmirlər. Buna görə də insanlar sığortaya etibar etmir. Bunun da aradan qaldırılması üçün sığorta tənzimlənməsi, sığorta nəzarəti sahəsində tədbirlər görmək lazımdır. Ancaq digər məsələ də var ki, bizdə əhalinin sığortaya meyli də aşağıdır, maarifləndirmə işləri zəifdir. Bundan başqa, səbəblərdən biri də odur ki, Azərbaycanda müştərək sığorta inkişaf etməyib. Sığorta olunanların fondu olur və sığorta hadisəsi baş verməyəndə pulları geri qaytarılır. Bizdə isə yalnız kommersiya sığortası var. Vətəndaş sığorta ödənişi edir, sığorta dövrü ərzində sığorta hadisəsi baş vermirsə, onun pulu batır və pulu sığorta sahiblərinin cibinə gedir. Buna görə də insanları bu vəziyyət qane etmir və düşünür ki, pul ödədim, onsuz da hadisə baş verməyəcək, pulum da gedəcək. Bütün dünyada müştərək sığorta var, ancaq bizdə nədənsə bunun inkişaf etməsinə imkan vermirlər”.

İqtisadçının fikrincə, icbari sığortada vətəndaşın başqa seçimi yoxdur:

“Buna görə də sığorta şirkətləri maraqlıdır ki, icbari sığorta çox olsun və vətəndaş məcbur olsun. Xarici ölkələrdə könüllü sığorta daha çox inkişaf edib. Çünki orada maarifləndirmə var, vətəndaşlar bilir ki, sığorta vacibdir. Həm də orada sığorta şirkətləri üzərində ciddi nəzarət var. Onlar öhədliklərinin icrasından yayına bilmir, dərhal buna görə məsuliyyətə cəlb olunurlar. Hamı bilir ki, gedib sığorta oldusa, sabah sığorta hadisəsi baş verdikdə vəsaitini ödəyəcək. İnkişaf etmiş ölkələrdə bu məsələ var. Bizdə il yarımdır ki, sığorta sahəsinə nəzarəti Mərkəi Banka veriblər, ancaq biz heç bir dəyişiklik görmürük.

Hesab edirən ki, bizdə sığortanın ən yaxşı dövrü Maliyyə Nazirliyinin nəzarəti altında olduğu dövr idi. 2016-cı ilə qədər nazirlik nəzarət edirdi və pis-yaxşı inkişaf edirdi. Həmin ildən Maliyyə Bazarlarına Nəzarət Palatasına verdilər və palata da onunla məşğul olmadı, pis günə qoydu. 2019-cu ildən Mərkəzi Banka veriblər və o da bu işin öhdəsindən gələ bilmir. Tənzimləyici orqan da gərək bu sahəni bilsin, kadr olsun, amma yoxdur. Son illərdə daha da geriyə getmişik. Yaxın 3 il ərzində bu sahədə perspektiv görmürəm”.