Müharibənin üzərindən uzun müddət keçməsinə baxmayaraq, Ermənistan hələ də Azərbaycanın minalanmış ərazilərinin xəritəsini vermir. Ancaq Avropa Şurası Parlament Assambleyasının Miqrasiya məsələləri üzrə komitəsi Ermənistanı Azərbaycanın əvvəl işğal altında olmuş ərazilərində quraşdırılan bütün minaların xəritələrini verməyə çağırıb. Onu da qeyd edək ki, müharibədən sonra 159 nəfər Azərbaycan vətəndaşı minaya düşərək həlak olub.
Ermənistan mina xəritələrini verməməklə nə etmək istəyir?
Deputat Elman Nəsirov Bakıvaxtı.az-a bildirib ki, bu çağırış çox yerində səslənib:

"Ermənistan yenə də ənənəvi qeyri-konstruktiv mövqeyini davam etdirməkdədir. Bir yandan da Paşinyan postmüharibə dövründə əməkdaşlığın alternativinin olmadığı ilə bağlı bəyanatlar verir, həllini gözləyən məsələlərin tənzimlənməsində maraqlı olduğunu ifadə edir, sərhədlərin delimitasiya və demarkasiyasının vacibliyindən bəhs edir. Eyni zamanda, iqtisadi kommunikasiya əlaqələrinin önəmini diqqətə çəkərək Gorus-Qafan yolunda Azərbaycan polisinin buraxılış məntəqələrinin yaradılmasını düzgün addım hesab edir. Bütün bunların qarşılığında isə real olaraq heç bir addım atmır. Bir çox hallarda isə təxribatçı davranış ortaya qoyur. Nəticə etibari ilə regionda davamlı sülhün və təhlükəsizlik mühitinin formalaşmasına maneə ola biləcək addımlar atır. Məsələn, dünən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Düşənbədə keçirilən toplantısında yenə də Azərbaycanı 9 noyabr və 11 yanvar sənədlərinin icrasına maneə olmaqda günahkar bilir. Eyni zamanda, Ermənistan höküməti BMT-nin beynəlxalq məhkəməsində Azərbaycanın ermənilərə qarşı irqi ayrıseçkilik etməyi ilə bağlı məsələ qaldırır və hərbi əsirləri tələb edir. Halbuki, Azərbaycanda heç bir erməni əsr yoxdur. Azərbaycanda erməni terrorçuları və diversantları mövcuddur, onlar da saxlanılıblar. Bütün bunlar azmış kimi, minaladığı Azərbaycan ərazilərinin xəritələrini vermək haqqında bir kəlmə də olsun danışmır. Belə olan halda, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya məsələləri komitəsinin Ermənistanın Azərbaycana minalanmış ərazilərin xəritəsini verməklə bağlı çağırışı çox yerində səslənib. Bu, artıq AŞPA-nın müvafiq komitəsinin Ermənistanın cinayətkar davranışına münasibədir və çox düzgün addımdır. Hesab edirəm ki, bu məsələ AŞPA-da diqqət mərkəzində saxlanılmalıdır. Yəqin ki, Azərbaycan nümayəndə heyəti də bu məsələləri hər zaman gündəmdə saxlayacaq. Çünki elə AŞPA-nın məlum komitəsinin də qeyd etdiyi kimi, mina partlaması nəticəsində 159 nəfər Azərbaycan vətəndaşı dünyasını dəyişib. Bu da müharibə cinayəti hesab olunur. Əslində, bu gün Ermənistan Azərbaycana qarşı mina müharibəsini davam etdirməkdədir. Bütün bunlara görə Ermənistanın üzərinə məsuliyyət düşür. Bir yandan sülhdən danışır, bir yandan da Azərbaycana qarşı mina müharibəsini davam etdirir."