Belçika paytaxtından Cənubi Qafqazda yaşanan proseslər diqqətlə izlənir. Xüsusilə Ermənistan Azərbaycan münaqişəsi başa çatdıqdan sonra yenidən mübaribənin bərpası ilə bağlı proseslər diqqətdən yayınmadı. 16 noyabrda Ermənistanın Azərbaycanla sərhəddə hərbi təxribatlara başlaması rəsmi Brüsseli daha fəal, çevik addımlar atmağa sövq edən addımlar oldu.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Onun fikrincə, gələn ay Azərbaycan Prezidenti ilə erməni baş nazir arasında planlaşdırılan görüşdə bu məsələlər daha geniş müzakirə predmeti ola bilər: “Görüş haqqında Avropa İttifaqı məlumat yayıb. Bu görüşdə bir sıra həllini gözləyən məsələlərin ciddi müzakirə olunacağı gözlənilir”.
Deputat qeyd edib ki, sərhəd təxribatından sonra delimitasiya və demarkasiya ilkin mərhələdə həllini gözləyən bir məsələdir: “Bu artıq o deməkdir ki, məsələ mütləq həllini tapmalıdır. Brüssel görüşündə də diqqət mərkəzində saxlanılan məsələ kommunikasiya əlaqələrinin yaradılması ilə bağlı olacaq. Eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı məsələlərin də müzakirə ediləcəyi proqnozlaşdırılır. Ermənistan Zəngəzur dəhlizi ifadəsindən yayınsa da, bütövlükdə dəhlizlər və kommunikasiyaların açılmasına razı olduğunu bildirib. Ermənistanın Azərbaycana qarşı mina terroru ilə bağlı məsələ də bu görüşdə gündəmdə ola bilər. Çünki bu görüşdə prioritetdə olacaq məsələlərin yekun razılaşma üçün əsas olması da mümkündür”.
Millət vəkili hesab edir ki, Brüsseldə bu cür müzakirələr aparılsa da yekun qərar Moskvada veriləcək: “Bunun üçün mühüm əsaslar var. II Qarabağ müharibəsi və ondan sonrakı dövrdə Rusiyanın Ermənistana çox ciddi təsir imkanlarını nəzərə alaraq bu versiya daha məntiqli hesab edilir. Amma Ermənistanın bunun əksinə atacağı addım Moskva tərəfindən İrəvana təzyiqlərin başlanması üçün ciddi siqnal ola bilər”.