“Məlum olduğu kimi dekabr ayının 15-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Azərbaycan prezidenti cənab İlham Əliyev ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Bu görüşdən öncə isə noyabr ayının 26-da Soçidə Rusiya Prezidentin Vladimir Putinin təşəbbüsü ilə üçtərəfli görüş keçirilib”. Bu fikirləri açıqlamasında Milli Məclisin üzvü Elman Nəsirov deyib.

Deputatın sözlərinə görə, artıq Ermənistan Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə bağlı həllini gözləyən məsələlər bəllidir və Soçi şəhərində bu istiqamətdə müəyyən razılaşmalar var: “Burada söhbət sərhədlərin delimitasiya-demarkasiyasından gedir və ilin sonuna qədər bu məsələlərlə əlaqədar birgə komissiyanın yaradılması da artıq razılaşdırılıb. Həmçinin humanitar xarakterli məsələlərin həlli gözlənilir və nəhayət iki dövlət arasında iqtisadi əlaqələrin, kommunikasiyaların bərpası ilə bağlı razılaşmalar da var. Bu konteksdə Zəngəzur dəhlizinin işə salınması ilə bağlı ilkin razılaşmalar əldə olunub. Bütün bunlardan sonra Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü keçirilirsə, deməli bu məsələlər ətrafında bir daha fikir mübadiləsi aparılacaq”.
E.Nəsirov vurğulayıb ki, Ermənistan Azərbaycan münasibətlərinin post-münaqişə dövründə tənzimlənməsi ilə bağlı həlledici qərarlar Moskvanın təşkil etdiyi görüşlərdə əldə edilməsi daha genişdir: “Bununla yanaşı cənab Prezidentin mövqeyi də ondan ibarətdir ki, digər tərəfdaşlar da tənzimləmə prosesinə bu və ya digər şəkildə tövsiyyə vermək istəyirlərsə, niyə də o qəbul edilməsin? Təbii ki, bütün bunlar bizim üçün çox əhəmiyyətlidir. Avropa İttifaqının bu təşəbbüsü özlüyündə müsbət hadisədir. Konkret nəticələrə gətirib çıxaran görüşlərin sayı artırsa, bunu alqışlamaq olar. Hesab edirəm ki, Brüssel görüşü Soçi görüşünün davamıdır. Soçidə müzakirə olunan məsələlərin Brüsseldə bir daha konkretləşdirilməsinə dair addımlar atılacaq və prinsip etibarilə bu görüşlər iki dövlətin arasında həllini gözləyən məsələlərin tənzimlənməsi üçün münbit şəraitin təmin edilməsinə xidmət göstərir”.