Dekabrın 9-da Daşkəsən Şəhidlər Xiyabanında keçirilən Vətən Müharibəsi şəhidi gizir Cəfərli Orxan Etibar oğlunun anım günündə Daşkəsən rayon İcra hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhidin ailə üzvləri, şəhid valideynləri, qazilər, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. 
Əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Quru Qoşunlarının Hərbi Orkestrı Dövlət Himnini ifa edib, Şəhidin məzarına gül-çiçək dəstələri düzülüb, dualar oxunub.
Daşkəsən rayon İcra hakimiyyəti başçısının müavini Namiq Süleymanov Şəhidin ailəsinə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin adından bir daha da başsağlığı verib, şəhid Orxan Cəfərovun həyatından, keçdiyi döyüş yolundan, göstərdiyi şücaətdən danışıb. Bildirib ki, Orxan Cəfərli 1996-cı il fevralın 16-da Daşkəsən şəhərində anadan olub. Orxan Cəfərli Vətən Müharibəsində şəxsi igidlik və şücaət göstərib. O, Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlər zamanı Murovdağ istiqamətində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Orxan Cəfərli 2020-ci il dekabrın 9-da Daşkəsən Şəhidlər Xiyabanında dəfn olunub. Prezident cənab İlham Əliyevin sərəncamları ilə şəhid Orxan Cəfərli hərbi hissə qarşısında vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
 Şəhidin atası Etibar Cəfərov və anası Zəriş Cəfərova ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 

    Elmar Əliyev – Vüqarlı 
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini