“Ölkə Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı dayanır. Bu atılan bütün addımlar bu məqsədə xidmət edir və dövlətimizin ali məqsədi konstitusiyamızda da göstərildiyi kimi insanlarımızın ləyaqətli həyat şəraitinin təmin edilməsi ilə bağlıdır. Elə bütün bu sadalanan reallıqlar fonunda dövlətimiz, onun ali siyasi rəhbərliyi sosialyönümlü siyasət həyata keçirir və təsadüfi deyildir ki, hər il dövlət büdcəsində sosial xərclər öncül mövqedə olur”. Bu sözləri açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, müqayisə üçün keçən il əgər sosial xərclər 38 faiz civarında idisə, 2022-ci ilin dövlət büdcəsində sosial xərclər bütün xərclərin 46 faizindən çoxunu təşkil edir: “Yəni, bütün bunlar bir daha onu göstərir ki, insanların rifahı, onların güzəranının yaxşılaşdırılması istiqamətində dövlətimizin ardıcıl siyasəti var və 2022-ci il ilin yanvar ayından başlayaraq da müxtəlif kateqoriyalı işçilərin əmək haqqlarının artırılması, eyni zamanda tələbələrin təqaüdlərinin artırılması, pensiyaların artırılması və eyni zamanda həssas kateqoriyadan olan insanlara, şəhid ailələrinə, müharibə əlillərinə, müharibə veteranlarına xüsusi dövlət qayğısının həyata keçirilməsi bir daha həmin siyasətin mahiyyətini açır”.
“Nəzərə alsaq ki, bu illər ərzində 7200-dən çox müharibə əlili avtomobillərlə təmin edilib və bu illəri 2021-ci ildə 160 bu kateqoriyadan olan insanın avtomobillə təmin edilməsi həyata keçirilib başa çatmalıdır. Şəhid ailələrinə gəldikdə isə cənab Prezidentin müvafiq fərmanı ilə 1997-2021-ci illərdə həyata keçirilən dövlət proqramı çərçivəsində 10500 şəhid ailəsi mənzillərlə təmin edilib, 2022-2026-cı illərdə isə artıq həmin kateqoriyadan olan insanlara 11 min mənzillərin verilməsi nəzərdə tutulur. Bütün bunlar bir daha onu göstərir ki, dövlətimiz öz insanının, öz vətəndaşının sosial müdafiəsi, sosial təminatı və sosial rifahını siyasətinin mərkəzi hadisəsinə çevirib və insanlar bundan məmnundur. Nəzərə alsaq ki, bütün bu addımlar post-müharibə dövrünün reallıqları fonunda baş verir. Müharibə həm də böyük xərclər, böyük maliyyə məsrəfləri deməkdir. Bütün bunlara baxmayaraq dövlətimiz bu addımları atır və Qarabağın bərpası da təbii ki, çox böyük maliyyə məsrəfləri tələb edən məsələdir. Deməli, həm Qarabağ bərpa olunur, sıfırdan bərpa olunur, eyni zamanda sosial yönümlü tədbirlər də ardıcıl şəkildə həyata keçirilir. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan dövləti sözün həqiqi mənasında sosial dövlətdir və bu dövlətdə yaşayan vətəndaş öz sosial problemlərinin həlli istiqamətində dövlətin böyük diqqət və qayğısı ilə əhatə olunub”.