“Azərbaycan Prezidenti İlham Əliyev 18 illik hakimiyyəti dövründə ölkəmizin inkişafı naminə misilsiz xidmətlər göstərib. O, xüsusilə 44 günlük Vətən müharibəsində qazandığı qələbə sayəsində öz adını təkcə mənsub olduğu xalqın və dövlətin deyil, dünyanın hərb tarixinə həkk edib. Bu gün İlham Əliyev sözün həqiqi mənasında xoşbəxt prezidentdir, çünki ilk növbədə o, ata vəsiyyətini yerinə yetirib. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Azərbaycan torpaqlarının düşmən işğalından azad olunması idi və tam əmin idi ki, onun başa çatdırmadığı vəzifələri ilham Əliyev uğurla başa çatdıracaq. Ulu Öndər İlham Əliyevə özü qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyirdi”.
 
Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
 

 
Deputat qeyd edib ki, əsrlər, qərinələr keçəcək, yeni-yeni nəsillər yanacaq, amma hər kəs Azərbaycan Prezidenti cənab İlham Əliyevin tarix yazdığını və xalqın milli qürurunu özünə qaytardığını biləcək: “Bu xoşbəxtlik hər bir dövlət başçısının taleyinə yazılmır. Prezident İlham Əliyev müdrik dövlət xadimidir. O, ilk növbədə ərazi bütövlüyümüzü bərpa edib və ölkə iqtisadiyyatının inkişafı üçün misilsiz addımlar atıb. Prezident iqtisadiyyatın müstəqilliyini təmin etməklə siyasi müstəqilliyimizi də gücləndirib. Eyni zamanda, o, ordu quruculuğu məsələlərinə hər zaman prioritet sahə kimi yanaşıb. Hesab edirəm ki, bu gün hər bir Azərbaycan vətəndaşı öz prezidenti ilə fəxr edir”.