Xəbər verdiyimiz kimi, yanvarın 14-də Prezident İlham Əliyev Ukraynada işgüzar səfərdə olub. Dövlətimizin başçısı Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək və geniş tərkibdə görüşlər keçirib, ölkələrimiz arasında sənədlər imzalanıb. Həmçinin prezidentlərin imzaladığı Birgə Bəyannamədə hər iki ölkə bir-birinin ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə edib. Liderlər mətbuata verdikləri bəyanatda dostluq mesajları verib.
Prezidentin Ukrayna səfərini şərh edən Milli Məlisin deputatı Hikmət Məmmədov bildirdi ki, Ukrayna–Azərbaycan arasında daima yüksələn xətlə inkişaf edən münasibətlər olub:

“Son 30 ilin, yəni hər iki ölkənin müstəqillik tarixinin bütün mərhələlərinə nəzər salsaq görəcəyik ki, bu münasibətlər həm də universal və çoxşaxəli hesab edilə bilər. Yəni sosial-iqtisadi, hərbi sahədən tutmuş mədəni humanitar sahələrə qədər bütü sferaları əhatə edib. Təsadüfi deyildi ki, Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanı dost ölkə adlandıraraq Taras Şevçenkonun da adını çəkdi, Bakıda Ukrayna Meydanı olduğunu dilə gətirdi və s. Hazırda isə iki ölkə arasında münasibətlərin daha da dərinləşməsi və inkişaf etdirilməsi şərtləri formalaşıb və bu hər iki ölkənin maraqları çərçivəsindədir. Əgər bu perspektivlər bir tərəfdən Azərbaycanın yaratdığı yeni reallıqlar və onun böyüyən iqtiadiyyatı, idxal-ixrac imkanları ilə bağlıdırsa, başqa bir tərəfdən dünyada baş verən yeni qlobal çağırışlarla bağlıdır. Buraya da çoxsaylı iqtisadi-siyasi faktorlar daxildir. Elə iki ölkə arasında imzalanan sənədlərə baxdıqda da bunları aydın görmək olur. Rəsmi səsləndirilən rəqəmlərə baxdıqda iki ölkə arasında ticari dövriyyənin təqribən bir milyard dollar ətrafında olduğu dilə gətirildi. Ancaq potensial bu rəqəmdən dəfələrlə çoxdur. Xüsusilə aqrar və aqrar-sənaye sektorunda, neft və digər enerji daşıyıcıları istiqamətində, ağır sənaye, maşınqayırma və nəqliyyat-tranzit sahəsində belə imkanlar olduqca böyük potensiala malikdir. Buna görə də 2024-cü ilə qədər ticari dövriyyənin daha da artırılması məqsəd kimi müəyyənləşdirilib. İmzalanan sənədlər qida təhlükəsizliyi, ikitərəfli ticarətdə təcili əməkdaşlıq, aqrar və energetika sahələrini nəzərdə tutur ki, hazırki mərhələdə bu sahələrin hər biri özlüyündə olduqca aktualdır. Post-pandemiya iqtisadiyyatı yeni keyfiyyət və yeni yanaşmalar tələb edir. Bu mənada qida təhlükəsizliyi və aqrar sektorun inkişafı təhlükəsiz ərzaq təminatı baxımından olduqca əhəmiyyətlidir. Ona görə də səfər real iqtisadi münasibətlərdə öz nəticələrinin qısa müddətdə verməklə gələcək üçün daha yaxşı perespektivlər yaradacaq".
Deputat Elman Nəsirov bildirdi ki, İlham Əliyevin Ukraynaya işgüzar səfəri iki tərəfli və çoxtərəli münasibətlərimizin inkişafı mənafeyinə xidmət göstərir:

“Azərbaycan-Ukrayna münasibətləri ənənəvi inkişaf tempinə malik olub. İkitərəfli münasibətlərimizin həm siyasi dialoq, həm hərbi-təhlükəsizlik parametrləri baxımından inkişaf etdiyini deyə bilərik. Prezidentin bu səfəri çərçivəsində bundan sonrakı dövr üçün Bakı-Kiyev münasibələrinin daha da inkişafına gəirib çıxaracaq razılaşmalar əldə edilib. Bu kontekstdə ilk növbədə birgə Ukrayna-Azərbaycan Bəyannaməsini qeyd etmək lazımdır. Hər iki dövlətin prezidentlərinin imzaladığı bu bəyanatda əslində Azəbaycan-Ukrayna münasibətlərrinin bundan sonrakı inkişaf istiqamətləri ilə bağlı müfəssəl yanaşmalar ortaya qoyulub. Ukrayna və Azərbaycan strateji tərfədaşdır və fundamental məsələlərdə ortaq mövqedən çıxış edirlər. Bundan sona iki dövlət arasında siyasi dialoqun daha da dərinləşdirilməsi, iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi əsas hədəflərdəndir. Əgər iki il əvvəl Ukrayna ilə ticarət əlaqəmiz 700 milyon dollar həcmində idisə, indi bunun bir milyard dollara çatdırılması planlaşdırılır. Eyni zamanda, qarşılıqlı investisiyaların qoyulması, birgə müəssisələrin açılması, energetika, nəqliyyat sahəsində əlaqələrin daha da inkişaf etdirlməsi, hərbi-texniki əməkdaşlığa dair razılaşmalar əldə edilib. Xüsusilə kənd təsərrüfatı sahəsində ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi ciddi önəm kəsb edir. Bir neçə gün öncə İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində də bildirdi ki, ərzaq təhlükəsizliyi bizim üçün prioritet təşkil edir. Bu reallıqlar fonunda Azərbaycan-Ukrayna kənd təsərrüfatı əlaqələrinin inkişaf etdirilməsi heç şübhəsiz bu kimi məsələlərin də həllinə dəstək verə bilər. Bu çox əhəmiyyətlidir. Azərbaycan Ukrayna ilə əlaqələrə xüsusi diqqət verir. Hər iki ölkə GUAM-ın üzvüdür. Bu həm də çoxtərəfli əlaqələrimizin inkişaf etdiyinin göstəricisidir. Beynəlxalq kürsülərdə hər iki dövlət bir-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərin toxunulmazlığını birmanlı şəkildə dəstəkləyir və bu, bütün dünyaya ismarıcdır. Azərbaycan prezidetininin bu səfəri həmin münasibətlərin daha da dərinləşməsinə xidmət göstərir. Ölkə prezidenti Ukrayna prezidentini Azərbayacana dəvət etdi. Bütün bunlar siyasi dialoqun daha da dərinləşəcəyinə işarədir”.
Politoloq Qabil Hüseynli bildirdi ki, bu görüş müsbət təəssüratlarla yadda qaldı:

“İlham Əliyevin də dediyi kimi Ukrayna-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi üçün gözəl fürsətlər var. Bu fürsətlər həyata keçirilməlidir. İmzalanmş digər sənədlər və yekun bəyanat bir daha təsdiq edir ki, Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlıq proqramı uğurla həyata keçirilir. İki ölkə arasında siyasi, iqtisadi və mədəni münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Bu mənada hesab edirəm ki, İlham Əliyevin sözügedən səfərini uğurlu hesab etmək olar. Bu səfərin nəticəsi kimi hər iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açılacaq”.