"Omicron" ştamının digər ştamlardan fərqi odur ki, “S” zulalda 28-dən çox mutasiya var, bu da hüceyrəyə daxil olmasını asanlaşdırır”.
Bunu “Med News”a baş infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, “Omicron” ştamı əvvəlkilərdən daha tez yayılır:

“Eyni zamanda inkubasiya dövrü üç günə bərabərdir. Bir mühitdə yaşayan insanlar tez bir zamanda yoluxa bilər. Təbii ki, populyasiyada yoluxma sayı çoxaldıqca kütləvi immunitet yaranır. Kütləvi immunitetin yaranması üçün 70 faiz insan yoluxub sağalmalıdır. İndi belə fikirlər var ki, çoxsaylı yoluxmalar özünü canlı vaksin kimi aparacaq. Beləliklə kütləvi immunitetin yaranmasında vacib rol oynayacaq".
Baş infeksionist qeyd edib ki, yeni ştam əvvəlki ştamlardan yayınır:
“Delta" ştamı keçirən şəxslər bu ştamı da keçirə bilər. Eyni zamanda peyvənd olunmuş şəxslərə də aiddir. Xüsusən risk qrupları və əhalinin yaşlı insanları üçün buster dozanı təklif edirik. Ona görə ki, əldə olunmuş immunitetin saxlanması üçün vacibdir. Azərbaycanda rəsmi olaraq 12 nəfər “Omicrona yoluxub, onlar ev şəraitində müalicə alırlar. Onlarda ağırlaşmalar olmayıb. Amma məlumdur ki, “Omicron” “delta” ştamını sıxışdırıb hegemon ştama çevriləcək. Digər ölkələrin praktikasından görünür ki, belə xəstələr isə xəstəliyi yüngül keçirir. İnsanın yanaşı xəstəliyi varsa, o zaman ağır keçirə bilər. Həmçinin heç xəstələnməmiş insanlar da bunu ağır keçirə bilər. İnsan iki dəfə peyvənd olunubsa qanda əmələgələn neytrallaşdırıcı anticisimlərin səviyyəsi daha yüksək olur. Belə araşdırmalar var. Məsələn 2 doza “Pfizer” almış insanlarda “Omicron” ştamına qarşı qoruyuculuq 25 faizdirsə, üçüncü dozada isə bu 70 faizə qədər yüksəlir. Mümkün qədər buster dozanı vurmaq lazımdır".