Millət vəkili Elman Nəsirov Fransa Prezidentliyinə namizəd Valeri Pekresin 2021-ci il dekabrında Azərbaycanın Qarabağ İqtisadi Rayonunun Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonası olan hissəsinə qanunsuz səfərini təxribatçı addım adlandırıb. Çünki bu, beynəlxalq hüquqa ziddir.

Deputat Pekresin qanunsuz səfərinə Prezident İlham Əliyevdən sitatlar gətirib: 

“Təxribatçı addımdır. Seçici səsinə hesablanan addım Makrona qarşı yönəlib.

Bundan sonra Pekres növbəti sayıqlamalara imza atıb və bununla özü-özünü ifşa edib. Guya ki, bunun Qarabağa qanunsuz səfəri şərq ölkələrində xristianları qorumaqdır. Və bu kontekstdə ermənilərə xüsusi münasibəti var”.
 
Yəni Pekres ermənipərəst olduğunu etiraf edib. Millət vəkili bildirib ki, bütün bunlar Azərbaycanda etirazla qarşılanıb. Belə ki, yanvarın 18-də QHT-lər Makrona açıq məktubla müraciət ediblər. Onsuz da Pekresin bu addımı Fransanın özündə də birmənalı qarşılanmayıb:

“Belə ki, Fransa Milli Assambleyasında Fransa-Azərbaycan Dostluq Qrupunun vitse-prezidenti Jerom Lamber xüsusi bəyanatla çıxış edərək, Fransa və onun nümayəndələrini davamlı sülh naminə beynəlxalq hüququn elementar normalarına hörmət etməyə, qərəzsiz davranmağa çağırıb”.

Bəyanatda Azərbaycanda xristian əhalinin sülh və əmin-amanlıq şəraitində yaşadığı vurğulanıb.

Elman Nəsirov Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian tərəfindən bu ilin 18 yanvar tarixində diplomata qətiyyən yaraşmayan və beynəlxalq hüquqa məhəl qoymayan bir tərzdə açıqlamasını da tənqid edib:

“Bu bir daha onu təsdiqləyir ki, Fransadakı müəyyən dairələr postmüharibə həqiqətlərini qəbul etmək istəmirlər”.