Azərbaycanda vergi qanunvericiliyinin ilbəil sərtləşməsi, cərimə və sanksiyaların artırılması, sahibkarlardan daha çox sənədləşmə, hesabat və s. tələb edilməsi fonunda eyni dərəcədə də sahibkarlara göstərilən xidmətin yaxşılaşdığını, bu sahədə sürətli dəyişikliklərin olduğunu söyləmək çətindir.

Yenə də hər rüblük, yaxud illik hesabatlar dövründə, bəzənsə adi vaxtlarda belə vergi orqanının elektron sistemində problemlər, "donmalar” yaranır, sahibkarlar, mühasiblər hesabat verməkdə, sənədləşmə işi aparmaqda, vergi orqanının xidmət mərkəzləri isə onlara müraciət edənlərin hamısına və lazımi şəkildə xidmət göstərməkdə çətinlik çəkirlər.

Xüsusilə də hər rüb başa çatdıqdan sonrakı 20 günlük hesabat dövründə vergi ödəyicilərinin çoxu onlayn növbə götürərkən çətinliklə qarşılaşırlar. Bu da həmin dövrdə müraciət edənlərin çoxluğu, xidmət mərkəzlərinin və əməkdaşların sayınınsa buna adekvat olmamasından irəli gəlir.

Bu hal daha çox Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti 15 ünvanında yerləşən və vergi ödəyicilərinin "Ayna Sultanovanın heykəlinin yanındakı idarə” kimi tanıdığı Binəqədi xidmət mərkəzində nəzərə çarpır. Bəzən ödəyicilər qəbula düşmək üçün bir neçə gün sonraya növbə götürməli olur, nəticədə hesabat verməyə gecikir, cərimə ödəməli olurlar.

Xidmətin yerləşdiyi binaya gəlincə, elə binanın girişindəcə idarənin "müasirliyi və kreativliyi” diqqəti cəlb edir. Buradakı xidmət səviyyəsini bir kənara qoyaraq, sadəcə zahiri görünüşdəki bəzi detallara baxanda, heç də xoş olmayan təəssürat yaranır.

Belə ki, artıq xeyli müddətdir xidmətin girişindəki döşəmənin plitəsi sındığı üçün sökülərək oradan götürülüb. Ancaq nədənsə sökülən həmin böyük plitənin yerinə xeyli vaxtdır yenisi qoyulmur. Gün ərzində yüzlərlə, bəlkə də minlərlə yerli və əcnəbi vergi ödəyicisinə xidmət edən bir mərkəzin girişində bu cür mənzərənin mövcud olması təbii ki, xoşagələn hal deyil.
 
 
 
 


Yaxud, vergi ödəyiciləri üçün giriş qapısında vurulan elanlara diqqət yetirsəniz görərsiniz ki, onlar hamısı A4 formatında kağızlara "həkk olunaraq”, pəncərəyə skoçla yapışdırılıb. Bu da azmış kimi, şəkildən də göründüyü kimi, elanın da yarısı çap hərfləri, yarısı əllə yazılıb. Hansı ki, həmin elanları səliqəli, hətta elektron lövhələr formasında yerləşdirmək olardı.


Hər halda, büdcəyə milyardlarla vergi toplayan bir quruma aid inzibati binanın girişi daha müasir və səliqəli görünüşə malik ola, eləcə də vergi ödəyicilərinə göstərilən xidmətlər daha səviyyəli və keyfiyyətli ola bilərdi.../AzPolitika.info