Şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb, dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib.
165 nömrəli tam orta məktəbdən verilən məlumata görə, məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün isə təqdimat verilib.
Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları valideyn və şagirdlərin izahatlarını alıb: "Üzrxahlıq edən şagirdlər bir daha belə hallara yol verməyəcəklərini bildiriblər. Şagirdlər müvafiq qaydada profilaktik tədbirlər görülməsi üçün qeydiyyata götürülüb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir: "Tədris prosesinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır".
 
***
13:33
Bir neçə gün öncə məktəblərdən birində lentə alınan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Təhsil Nazirliyi isə məlumat yayaraq, həmin görüntülərin Azərbaycanda lentə alınmadığını açıqlamışdı. 
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov açıqlamasında həmin görüntülərin Bakı şəhəri 165 saylı tam orta məktəbdə lentə alındığını deyib. O, həmin məktəbə getdiyini bildirib:
"Şagirdlər də həmin videonun bu məktəbdə qeydə alındığını təsdiqlədilər. Videoda görüntülənən şagirdləri hansı cəzanın gözlədiyi məsələsinə gəlincə isə, onlara yalnız məktəbin daxili nizam-intizam qaydasını pozduqlarına görə xəbərdarlıq edilə bilər".
Məbtəbdən verilən məlumata görə, direktor Vüqar Məmmədov Bakı Şəhər Təhsil İdarəsinə çağırılıb.