Dünyanın diqqətinin yönəldiyi Ukrayna münaqişəsi bu gün kritik həddə çatıb. Belə ki, Ukrayna və Rusiya arasında Donetsk hava limanının yaxınlığında silahlı atışmalar başlasa da, vəziyyətin hansı səviyyədə olduğu hələ də məlum deyil. Çünki Ukrayna tərəfi rəsmi məlumat yaysa da, rəsmi Kreml hələ ki, susur. 
 
Xatırladaq ki, Ukraynanın Donbas bölgəsindəki Rusiyanın dəstəklədiyi separatçılar hökumət qüvvələrini son 24 saat ərzində 4 dəfə atəş açmaqda günahlandırıb. Bunun əksinə olaraq, Ukrayna iddiaları yalanlayaraq ilk atəşin qarşı tərəfdən edildiyini bildirib. 
 
Beynəlxalq aləmdə ciddi narahatlıqlara səbəb olan bu krizdə dövlətlərin hansı mənafelərə sahib olduğu və münaqişənin necə bitəcəyi hamının ağlında bir sıra sualların yaranmasına səbəb olur ki, bunlardan biri Rusiyanın hansı addımları atacağıdır. 
 
Bəs, Rusiyanın bir sonrakı addımı necə olacaq?
 
Məsələ ilə bağlı millət vəkili Elman Nəsirov açıqlamasında bildirib ki, müharibənin başlaması ilə bağlı verilən proqnozlar özünü doğruldur.
 

 
“Donetsk və Luqansk Xalq Respublikalarının rəhbərliyinin Ukraynanı atəşkəsi pozmaqla ittiham etməsindən sonra Kremlin vəziyyətə müdaxilə edəcəyini bildirib. Ukrayna isə bu ittihamlar qarşısında hər iki qondarma Xalq Respublikasının müharibəyə bəhanə olacaq addımlar atdığını ifadə edib. Mövcud situasiyanı nəzərə alaraq, deyə bilərik ki, tərəflərin güzəştə getmək fikri yoxdur.”
 
Açıqlamasında o, Rusiyanın Ukraynanın qarşısına qoyduğu ağlasığmaz tələblərə də toxunub.
 
“Qərb hesab edir ki, NATO-nun Şərqə doğru irəliləməməsi, Ukraynanın heç vaxt NATO üzvü olmayacağına və ərazisində NATO-ya məxsus silahları yerləşdirməyəcəyinə dair öhdəlik götürməsi kimi Rusiyanın irəli sürdüyü tələblər qəbuledilməzdir. Beynəlxalq hüquqa əsasən Ukraynanın NATO üzvü olmaq seçimi onun müstəqil hüququdur.”
 
O düşünür ki, Rusiyanın atacağı bir sonrakı addımlardan biri hər iki qondarma Xalq Respublikasının tanınması ilə bağlı ola bilər. 
 
“Baş verəcək hadisələr münaqişə tərəflərinin davranışından asılı olacaqdır. Lakin, Rusiya prezidenti Vladimir Putinin müsahibəsindən sonra ölkənin qoşunlarını geri çəkəcəyini və indiki vəziyyətlə razılaşacağını düşünmürəm. Çünki, Rusiyaya görə əgər Ukrayna NATO üzvü olar və ərazisində NATO-ya məxsus dağıdıcı gücə malik silahlar yerləşdirilsə, Krım və Donbasın geri alınması məqsədilə hərbi əməliyyatlara başlaya bilər. O zaman artıq Rusiya Ukrayna ilə deyil, NATO üzvü olan Ukrayna ilə müharibəyə başlayacaq və qlobal hal alan bu müharibədə heç bir tərəf qalib olmayacaq.”