Ukraynanın paytaxtı Kiyevdə Xocalı soyqırımının 30 illiyinə həsr olunan “Xocalı soyqırımı və tarixi paralellər” adlı elmi konfrans keçirilib.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) ilə İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (ISPBA) birgə təşkil etdiyi konfrsana elm və ictimaiyyət, siyasi xadimlər qatılıblar.
Çıxış edən BAUK sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev tarixdəki amansız soyqırımları, o cümlədən Ukrayna tarixində baş verən soyqırımları sadalayaraq Xocalı soyqırımının da belə qanlı soyqırımlar silsiləsindən olduğunu xatırladaraq paralellər aparıb.
Ukrayna parlamentinin deputatı Yuriy Kamelçuk isə bildirib ki, Xocalı soyqırımı barədə məlumatlıdır:
“1992-ci ilin qışında həm Azərbaycan, həm də Ukrayna hələ də daha güclü və ultratotalitar ölkələrin zərərli təsiri altında idi. Belə bir təsir diqqətdən kənarda qala bilməzdi. Azərbaycanın Xocalı şəhərində qanlı hadisələr baş verib. Dinc əhalinin qətliamı Qarabağ müharibəsi zamanı ən qəddar və qanlı hadisə olub. Xocalının atəşə tutulması saat 23:00-da başlayıb və cəmi beş saat ərzində yarım min dinc azərbaycanlı həlak olub. Ölənlərin əksəriyyəti qadınlar və körpələr idi. Qırğınların bir daha təkrarlanmaması üçün nə edə biləcəyimizdən danışarkən, mən yalnız bir şeyə əminəm - bizim əsas vəzifəmiz müharibələrə, münaqişələrə səbəb olan səbəbləri aradan qaldırmaqdır. Dostluq və diplomatik əlaqələr, investisiyalar və belə bir tarix sabit dünyaya doğru bir addım ola bilər. Azərbaycan və Ukrayna birmənalı şəkildə buna nail olublar”, - deyə o əlavə edib.
Ukraynada krım tatarları Assosiyasiyasının koordinatoru Elvin Kadırov isə çıxış edərək tatarların tarixində baş verən qanlı hadisələr ilə Xocalı soyqırımı arasında paralellər aparıb. ISPBA sədri Samir Adıgözəlli isə çıxış edərək təklif və tövsiyələrini açıqlayıb.
Çıxış edənlər professor Natiq Məmmədov, professor Fərhad Turanlı, professor Arif Quliyev, Azərbaycandan İslahatçı Gənclər Birliyi təşkilatının sədri Fərid Şahbazlı və digərləri çıxış edərək mövzu ətrafında fikir və təkliflərini səsləndiriblər. Fərhad Turanlı Xocalı soyqırımına hüquqi qiymətin verilməsinin sürətləndirilməsi üçün Azərbaycana təkliflərini hazırladığını bildirib.
Cebhe.info-ya açıqlamasında deputat Elman Nəsirov ukraynalı həmkarının bu çıxışına münasibət bildirərkən deyib ki, bu, olduqca müsbət hadisədir:

"Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi bəşəri Xocalı soyqırımının 30 ili tamam olur. Artıq dünyanın 10-dan artıq ölkəsinin parlamenti Xocalı soyqırımına münasibət bildirərkən, soyqırım ifadəsini işlədir. Əsas hədəflərimizdən biri budur ki, bütün dünyanın gözü qarşısında baş verən Xocalı soyqırımına beynəlxalq, hüquqi, siyasi qiymətin verilməsi baş tutsun.
Bu istiqamətdə ardıcıl, sistemli iş getməkdədir. Bu gün ukraynalı deputat da eyni fikirlə çıxış edir və Ukrayna parlamentinin Xocalı soyqırımını tanıması ilə bağlı mövqe ifadə edir. Bu, çox müsbət hadisədir. Nəzərə alsaq ki, Azərbaycan-Ukrayna münasibətləri dinamik inkişaf tempinə malikdir və Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya son səfəri də bunu sübut elədi.
Xüsusilə hər iki dövlət qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərin toxunulmazlığını tanıyır, dəstəkləyir. Məsələyə bu kontekstdən yanaşdıqda düşünürəm ki, Ukrayna parlamentinin belə bir təkliflə çıxış etməsi olduqca müsbət hadisədir. Faciənin üstündən 30 il keçdikdən sonra Xocalı soyqrımına beynəlxalq aləmdə hüquqi qiymətin verilməsində atılacaq növbəti mühüm addımlardan biri ola bilər".