Ermənistan mətbuatında Qarabağın dağlıq hissəsindəki separatçıların "təhlükəsizlik şurasının rəhbəri" Vitali Balasanyanın təşəbbüsü ilə fevral-may aylarında atəş hazırlığı üzrə təlimlər keçiriləcəyi barədə məlumat yayılıb. Vurğulayaq ki, Vitali Balasanyan azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımının müəlliflərindən biridir.
Sual yaranır ki, erməni separatçıların bu provokasiyası nəyə hesablanıb? Erməni revanşistləri reqionda yeni müharibəyə mi hazırlaşırlar?
Mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, Qarabağdakı erməni separatçıları növbəti təxribatçı addımlar atmağa hazırlaşırlar:

"Məlum olduğu kimi, Qarabağdakı erməni separatçılarının tör-töküntüləri növbəti təxribatçı addımlar atmağa hazırlaşırlar və qondarma rejimin bir qondarma "təhlükəsizlik şurasının rəhbəri" Vitali Balasanyanın təşəbbüsü ilə bu ilin fevral və may ayları ərzində atəş hazırlığı üzrə təlimlər keçirəcəyi barədə məlumatlar yayılıb. Bu addımın atılmasında məqsəd nədir? Bu addımın atılmasında motivlər nə ilə bağlıdır və nəyə nail olmaq istəyirlər? Əvvəla onu qeyd edim ki, qondarma rejimin tör-töküntüləri çox gözəl dərk edirlər ki, artıq Ermənistandan, Paşinyan rejimindən onlara əvvəlki dəstək yoxdur. Hətta deyərdim ki, Paşinyan hakimiyyəti ilə Qarabağdakı erməni separatçıları arasında çox ciddi iğtirab mövcuddur. Belə olan vəziyyətdə bu separatçıların gələcək taleyi də böyük sual altına düşür və onlar hər zaman çalışırlar ki, öz varlıqlarını sübut etsinlər. Həm də nəzərə alsaq ki, bu gün həm Erməsintan hakimiyyətində, həm müxalifətində, həm də cəmiyyətində revanşizm hissləri mövcuddur və onlar münbid şərait çərçivəsində yenə də özlərini göstərmək istəyərlər. İndiki halda belə dırnaqarası rejimin bu səpkili tədbirləri həyata keçirməsi, yəni atəş hazırlığı üzrə təlimləri keçirmək niyyəti əslində bir daha onu göstərir ki, onlar məlum 10 noyabr bəyannaməsinin prinsiplərinə zidd addım atırlar. Bu addımları ilə əslində onlar 3 dövlətin rəhbərinin imzaladığı sənədə kölgə salırlar", - deyə E.Nəsirov vurğulayıb.  
Millət vəkili qeyd etdi ki, Qarabağdakı sülhməramlıların öz missiyalarını lazımi səviyyədə icra etməməsi belə məsələlərin üzə çıxmasına səbəb olur:
"Hesab edirəm ki, indiki vəziyyətdə çox böyük məsuliyyət Rusiyanın, eyni zamanda Ermənistanın üzərinə düşür ki, öz imzaladıqları sənədin icrası ilə bağlı addım atmalıdır. Həmin sənəddə isə yazılıb ki, işğaldan azad olunmuş ərazilərimizdə - Qarabağda bir nəfər də olsun əli silahlı erməni olmamalıdır, oradan bütün erməni yaraqlıları çıxarılmalıdır. Amma bu icra olunmur. Nəinki icra olunmur, eyni zamanda hətta onlar yeni-yeni təxribatlara hazırlaşırlar. Şüphəsiz ki, Rusiya sülhməramlılarının üzərinə çox böyük məsuliyət qoyur, çünki onların təbii ki, lazımi səviyyədə öz missiyalarını icra etməməsi belə məsələlərin üzə çıxmasına səbəb olur".
Elman Nəsirov vurğuladı ki, Azərbaycan dəfələrlə sülh təklifi ilə çıxış edib:
"Azərbaycan dövlətinin isə mövqeyi birmənalıdır. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş kimandanı Cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, biz Ermənistanla sülh müqaviləsi imzalamaq istəyirik, biz Ermənistanla sərhədlərimizin delimitasiyası və demarkasiyasını istəyirik, biz Ermənistanla komunikasiyaların bərpasını istəyirik və Zəngəzur dəhlizinin açılmasını istəyirik, regionda davamlı və uzunmüddətli sülh istəyirik. Ancaq bizim bu istəyimizə qarşı Ermənistan çıxış edərsə və bizə qarşı yenidən təhdidlərlə çıxış edərsə, Azərbaycanla təhdidlə danışarsa və növbəti təxribatlara və hərbi insidentlərə əl atarsa, bu halda onu unutmasınlar ki, dəmir yumruq yerindədir və Azərbaycan Silahlı Qüvvələri Ermənistan Silahlı Qüvvələrinin başına gətirdikləri o məğlubiyyəti, onlara ağ bayraq qaldırmağa məcbur etdiyi reallığı təkrarlaya bilər və bu, daha amansız daha sərt olacaq".