“Avropa İttifaqı və NATO-ya üzvlük Azərbaycanın gündəliyində yoxdur”.
 
Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
 
Deputatın sözlərinə görə, Azərbaycan Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətlərinin tərəfdarıdır: “Belə ki, Azərbaycan Aİ-ə üzv olan 27 dövlətin 9-u ilə strateji tərəfdaşlıq haqqında müvafiq sənədlər imzalayıb. Ona görə də Azərbaycan Aİ ilə məhz strateji tərəfdaşlıq haqqında saziş imzalamaq niyyətindədir. Azərbaycan 2011-ci ildən etibarən Qoşulmama Hərəkatının üzvüdür və dövlətimiz strateji tərəfdaşlıq yolunu seçib. Ukrayna, Gürcüstan və Moldova Avropa İttifaqı (Aİ) ilə dərinləşdirilmiş əməkdaşlıq kursunu seçiblər. İndiki halda Rusiya ilə Ukrayna arasında yaranmış vəziyyətdə Ukrayna reallıqları nəzərə alaraq Aİ-ə ərizə ilə müraciət edib və onun ərizəsi qəbul edilib. Analoji addım Gürcüstan və Moldova tərəfindən də atılıb. Onlar indiki şəraitdə Aİ-ə üzv olmağın daha rahat və daha sürətli olacağına ümid bəsləyirlər. Həmçinin, nəzərə almaq lazımdır ki, bu 3 dövlətin hər biri Aİ ilə assosiativ saziş imzalayıb. Azərbaycan Aİ ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamaq niyyətindədir. Son məlumatlara əsasən, 90 faiz razılaşma əldə edilib. Amma Avropa İttifaqı və NATO-ya üzvlük Azərbaycanın gündəliyində yoxdur”.