“Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən Ukraynaya göndərilən humanitar yardım kontekstində verilmiş açıqlamada “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir, yolverilməzdir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov deyib. Deputat vurğulayıb ki, Azərbaycanda “Dağlıq Qarabağ” adında inzibati ərazi vahidi yoxdur: 

“Azərbaycan prezidenti cənab İlham Əliyevin keçən il 7 iyul tarixində imzaladığı fərmanla Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Ölkə prezidenti ən yüksək tribunalardan da bəyan edib ki, Azərbaycanın inzibati ərazi vahidlərinə münasibətdə mövqe bildirərkən Qarabağ və Şərqi Zəngəzur ifadələri işlətsinlər. Yəni, Azərbaycanda “Dağlıq Qarabağ” adlı belə bir inzibati ərazi vahidi yoxdur. Amma bir daha təəssüf hissi ilə qeyd edirəm ki, Rusiya Müdafiə Nazirliyi yenə də öz köhnə ampulasındadır və yenə də belə ifadələr işlətməkdə davam edir. Bu yanaşma heç şübhəsiz ki, Azərbaycanla Rusiya arasında formalaşmış münasibətlərin nə bugününə, nə də prespektivinə xidmət etməyən bir mövqedir. Çünki hər iki dövlət qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərin toxunulmazlığını qəbul edib, eyni zamanda bir-birinin daxili işlərinə qarışmamaq, bərabərhüquqlu münasibətlər qurmaq, bir-birilə münasibətlərdə güc tətbiq etməmək, güc tətbiqini hədələməmək öhdəliyini üzərinə götürüb. Fevralın 22-də imzalamış Azərbaycanla Rusiya arasındakı müttəfiqlik münasibətləri ilə bağlı məlum bəyanatında birinci maddəsi elə bu məsələlərə həsr olunub. Belə olan təqdirdə Rusiya Müdafiə Nazirliyinin “Dağlıq Qarabağ” ifadəsi işlətməsi, onu xüsusi inzibati ərazi vahidi kimi göstərməsi təbii ki, Azərbaycanın suverenliyi ilə bağlı məsələlərdə anlaşılmaz bir mövqedir”. 

Millət vəkilinin sözlərinə görə, bu, həm də Rusiyanın imza atdığı sənədlərin hüququna, məzmununa ziddir: “Təbii ki, Azərbaycan Respulikası Müdafiə Nazilriyi də bu məsələyə artıq mövqe ifadə edib. Rusiyalı həmkarlarının bu yanlışlığını son qoyulması tələbini irəli sürüb. Bu, nəticə etibarilə həm də rus sülhməramlılarının Qarabağdakı fəaliyyətinə də kölgə salır. Müəyyən mənada haqlı olaraq insanlarda inamsızlıq yaradır, bir etimadsızlıq mühiti formalaşdırır. Buna da qətiyyən yol vermək olmaz. Çünki Azərbaycan və Rusiya dövlətləri öz münasibətlərini ən ali səviyyəyə - mütəffiqlik səviyyəsinə qaldırıblar. Bu reallıqda bu nə addımdır, nə mövqedir, Rusiya Müdafiə Nazirliyi niyə belə xətalara yol verir? Təbii ki, bu suallar bu gün çox aktualdır. Azərbaycan Müdafiə Nazirliyi də öz növbəsində bu məsələ ilə bağlı mövqe ortaya qoyub ki, Rusiya tərəfi bir daha belə xətalara yol verməsin və belə anlaşılmaz addımlar atmasın”.