“Azərbaycan Ukrayna ilə strateji tərəfdaş, Rusiya ilə müttəfiqdir. Yəni, Azərbaycanın hər iki tərəflə yüksək səviyyəli münasibətləri var. Belə olan halda, əlbəttə ki, Azərbaycanın mövqeyi dostluq və müttəfiqlik kontektsində olmamalı, beynəlxalq hüquqa əsaslanmalıdır. Bu mənada, Azərbaycan dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşır və onların toxunulmazlığı ideyasını müdafiə edir. Azərbaycan Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatması arzusundadır”.
 
Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
 
Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri çərçivəsində həmkarı Rəcəb Tayyib Ərdoğanla Rusiya-Ukrayna müharibəsini də müzakirə etmələri təsadüfi deyil: “Yəni, Azərbaycanın məsələ ilə bağlı mövqeyi bəllidir. İstənilən halda, danılmaz həqiqətdir ki, Rusiya hərbçiləri Ukrayna ərazisindədirlər. Sadəcə olaraq, qiymətləndirmə apararkən obyektiv yanaşma çox önəmlidir. Rusiyanın mövqeyi ondan ibarətdir ki, Ukrayna NATO-nun üzvü olmamalı, neytral qalmalıdır. Mənim fikrimcə, ABŞ başda olmaqla bütün NATO ölkələri bu müharibənin başlamaması üçün imkanlardan maksimum istifadə etmədilər. Rusiyanın mövqeyi bəlli idi və müharibəyə başlayacağını faktiki olaraq bəyan etmişdi. Bildirmişdi ki, şərtlərimiz qəbul edilməyəcəyi təqdirdə, müharibə labüddür. Qərb isə müharibənin başlayacağı tarixləri göstərirdi. Bəs müharibənin başlamaması üçün yol nə idi? Təbii ki, güzəştə getmək lazım idi. Təəssüflə qeyd edirəm ki, bu müharibənin başlamaması üçün heç bir addım atılmadı. Əlbəttə ki, müharibəyə başlamaq çox asan, onu dayandırmaq isə çox çətindir. Nəticədə isə, təkcə Rusiya və Ukrayna deyil, dünya iqtisadiyyatı ziyan görür. Lakin qardaş qanının tökülməsinə səbəb olan bu müharibənin qarşısının indiki mərhələdə alınmasında da fayda var və imkanlar tükənməyib. Rusiyanın tələbləri içərisində heç olmazsa birinə güzəşt edilməsi barədə düşünmək olar. Hesab edirəm ki, Ukraynanın NATO-nun üzvü olmaması şərti ətrafında danışıqlara başlayaraq müharibəni dayandırmaq mümkündür”.