Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Calina Porterin Azərbaycanla bağlı mövqeyinə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, ABŞ vasitəçilik missiyasını üzərinə götürən dövlət kimi heç bir halda obyektiv mövqe sərgiləməyib: "Hazırda da postmünaqişə dövründə ATƏT-in Minsk Qrupunun vacibliyi ABŞ tərəfindən vurğulanır. Onlar mütəmadi olaraq, status məsələsini gündəmə gətirir, "Dağlıq Qarabağ" ifadəsini işlədirlər. Yəni, ABŞ bu cür davranışı ilə postmüharibə dövründə həllini gözləyən məsələlərə nəinki töhfə vermir, hətta əngəlləyici rol oynayır. Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın bu mövqeyi Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar yaranmış reallıqlar fonunda formalaşmayıb. Onlar elə müharibə dövründə və sonra da status-kvo ilə bağlı bəyanatlarla yadda qalıblar. Yəni, Azərbaycanın Rusiya ilə hazırkı münasibəti belə mövqenin sərgilənməsi üçün səbəb ola bilməz. Azərbaycan kifayət qədər balansı və beynəlxalq hüquqa uyğun siyasət həyata keçirir".