"Azərbaycan silahlı qüvvələri Xocalı rayonuna daxil olan Fərrux kəndini nəzarətə götürdükdən sonra Ermənistan, eyni zamanda Ermənistanla bağlı müəyyən beynəlxalq siyasi dairələr sanki yasa batıblar".
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.
Onun sözlərinə görə, bir çoxları Azərbaycanı ittiham etməyə başlayıblar və xüsusi olaraq Rusiya KİV-ləri bu işdə daha böyük fəallıq göstərir:
"Elə bu günlərdə Rusiyanın dövlət kanalı olan "Rossiya 1" kanalında "60 dəqiqə" verilişində Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Mixail Delyagin bütün həmfikirlərini kölgədə qoyub. O, elə absurd mövqe ortaya qoyub ki, heç bir halda deputata, komitə sədrinə yaraşmır. Deputat bu mövqesi ilə öz ölkəsinin prezidentinə etimadsızlıq göstərir.
Çünki Rusiya prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti cənab İlham Əliyev arasında ötən ay imzalanan bəyannamə ilə Azərbaycan-Rusiya münasibətləri müttəfiqlik səviyyəsinə qalxıb. Müttəfiqlik səviyyəsində olan bir dövlətinin Dumasının komitə sədri əgər Azərbaycanı aqressiyada, guya atəşkəs rejimini pozmaqda ciddi ittiham edirsə, "Azərbaycanın neft sənayesini bombalamaq lazımdır" deyirsə (neft sənayesinin də mərkəzi Bakı şəhəridir), belə çıxır ki, rusiyalı deputat həm də Azərbaycanın paytaxtını hədəfə alıb bombalamaqla hədələyir.
Kim ona bu səlahiyyəti verib?!
Bu cür absurd fikirlər eyni zamanda qanunazidd cinayətkar bir davranışı ortaya qoymağa sövq edir. Bu məsələdə çox böyük suallar yaranır.
Digər tərəfdən, son zamanlar Ermənistan tərəfinin intensiv təxribatlarına şahid oluruq. Onlar Rusiya sülhməramlılarına arxalanıb, güvənib, bu addımları atır, təxribatları həyata keçirirlər. Sülhməramlılar isə bu prosesi çox biganə, laqeyd izləyirlər. Onlar sülhməramlı missiyasına zidd ola biləcək davranış ortaya qoyurlar və bu da qəbuledilməzdir.
Haqlı olaraq, son zamanlar Azərbaycan ictimaiyyətində bu məsələlərlə bağlı çoxlu suallar yaranıb. Rusiya tərəfi o suallara hələ də cavab verməyib. İndi də Dövlət Dumasının deputatı, komitə sədri müavini səviyyəsində belə məsuliyyətsiz bəyanatlar səslənməkdədir.
Həmin fikirlər Rusiyanın dövlət televiziyasında səsləndirilib. Özəl televiziyada və ya rəsmi olmayan bir şəxs tərəfindən deyilsəydi, haradasa bəraət qazandırmaq olardı, lakin tamamilə əks proseslər baş verib.
Ona görə də, hesab edirəm ki, bu məsələləri bizim müvafiq qurumlar da Rusiya tərəfi qarşısında çox ciddi şəkildə qaldırmalıdır, rusiyalı deputat ilə dedikləri ilə bağlı hüquqi müstəvidə məsuliyyət daşımalıdır, çünki belə hərəkətlər təkcə Azərbaycan dövlətini, onun suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini təhdid etmir, həm də Rusiyanın dövlətçilik maraqlarına ziddir.
Bir daha vurğulayım ki, rusiyalı deputatın bu addımı Vladimir Putinin də imza atdığı sənədə ziddir. Hesab edirəm ki, Rusiya prezidenti bu barədə düşünməlidir və deputatın bu cür məsuliyyətsiz davranışına hüquqi müstəvidə qiymət verməlidir".