“Bəzi hallarda “qazi” adından sui-istifadə hallarına rast gəlinir. Belə hallar çox nadir müşahidə edilsə də, inkar oluna bilməz. Bəzən “qazi” adından istifadə edərək təhqirə yol verənlər də olur. Qazilər başa düşməlidirlər ki, onlar əzalarını Vətən uğrunda itiriblər və bu şərəfli adı uca tutmalıdırlar. Onsuz da, qazilər elə qəhrəmanlıq nümunəsi göstəriblər ki, onun tayı-bərabəri yoxdur. Təəssüf ki, “qazi” adına qeyri-adekvat davranış tərzi nümayiş etdirənlər də olur”.
 
Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
 
Deputat qeyd edib ki, dövlət şəhid ailələri, qazi və müharibə iştirakçılarına daim diqqət göstərir: “Prezident İlham Əliyev həmin kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atır, onları diqqət və qayğı ilə əhatə edir. Təsadüfi deyil ki, son illər ərzində 12 min 500 nəfərdən çox şəhid ailəsi ev və mənzillə təmin edilib. Təkcə ötən il 3 mindən çox şəhid ailəsi və müharibə qazisinə mənzil, eləcə də 7 min 400-dən çox avtomobil verilib. Bu, analoqu olmayan hadisədir, çünki müharibə həyatı yaşamış digər dövlətlərdə şəhid ailələri və qazilərə bu qədər diqqət ayrılmır. Əslində, Azərbaycan bu sferada da digər dövlət və xalqlar üçün nümunədir. Qeyd etmək lazımdır ki, “qazi” adından sui-istifadə edənlər cəmiyyət tərəfindən qınanılır. Qazilərlə görüşlərdə onlar da qeyd edirlər ki, sıralarımızdan olan belə insanlara görə təəssüflənirik. Bu adı uca tutanlar “qazi” adından sui-istifadə edənlərin onların adına xələl gətirdiklərini deyirlər. Görünür, belə hallar qaçılmazdır. Qazilərimiz bu müqəddəs adı şərəflə daşıyır, davranışlarında və insanlarla ünsiyyətlərində həmin şərəfli ada hörmətlə yanaşırlar. Təəssüf ki, tək-tük hallarda fərqli davranış ortaya qoyan müharibə iştirakçıları və qazilərə də rast gəlinir”.