Hələ fevral ayında Azərbaycan Ermənistana iki ölkə arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi təqdim edib.
Burada dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması kimi bəndlər yer alıb.
Bir müddət sonra rəsmi İrəvan Bakıya 6 bənddən ibarət sənəd verib.
Sənədin 3-cü bəndində deyilir ki, Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azadlıqlarına riayət olunması, habelə «Dağlıq Qarabağın» yekun statusunun müəyyən edilməsi Ermənistan tərəfi üçün prinsipial məsələdir.
Azərbaycan tərəfi isə dəfələrlə status məsələsini müzakirə etməyəcəyini bildirmişdi.
Status məsələsində Azərbaycanın qırmızı cizgiləri nədir? «Dağlıq Qarabağa» əvvəlki muxtar vilayət statusu verilə bilərmi?
May ayında Xarici İşlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan tərəfindən təqdim edilmiş sənədə baxdıqda buna təklif demək olmaz. «Həmin sənəd təqdim olunan zaman Ermənistan tərəfi bunu Azərbaycanın təkliflərinə reaksiya kimi bildirmişdi».
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov Turana bildirib ki, Azərbaycanın Ermənistana təqdim etdiyi baza prinsiplərini Ermənistanın ali siyasi rəhbərliyi qəbul edib. «6 aprel Brüssel danışıqlarında Nikol Paşinyan bunu etiraf etdi. Eyni zamanda o da məlum oldu ki, Ermənistan tərəfi 6 təkliflə çıxış etdi».
O, qeyd edib ki, burada Ermənistanın mövqeyində artıq çox kəskin dəyişikliklərin olduğu diqqətdən yayınmır. «Elə bu səbəbdən də Ermənistan müxalifəti Paşinyana xəyanətkar deyir. Belə ki, Ermənistan indiyə qədər Dağlıq Qarabağın müstəqilliyindən bəhs edirdisə indi isə Paşinyanın mövqeyində dəyişikliklər onunla bağlıdır ki, onlar Qarabağın müstəqilliyini deyil, Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyini və hüquqlarını ön plana çəkirlər».
Deputatın sözlərinə görə, bununla bağlı Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, Qarabağda yaşayan ermənilər də bizim vətəndaşımızdır. «Azərbaycan çoxmillətli dövlətdir, bütün digər etnosların hansı hüquqları varsa, eyni hüquqlara ermənilərə də şamil olunacaq».
Qarabağın statusu məsələsinə gəlincə, komitə üzvü bildirib ki, Ermənistan Qarabağın müstəqillik ideyasından əl çəksə də reallıqdan maksimum istifadə etməyə çalışırlar. «Yəni, Dağlıq Qarabağ Azərbaycanın tərkibində müəyyən statusa malik olsun. Hansı ki, 44 günlük müharibəsindən qədərki danışıqlarda Azərbaycan dəfələrlə buna razı olmuşdu, biz Azərbaycanın tərkibində Qarabağa yüksək muxtariyyət statusunu verməyə hazır idik. Amma müharibədən sonra bütün reallıqlar dəyişdi, Azərbaycan qan bahasına müharibəni uddu. Cənab Prezident da bildirib ki, daha status məsələsi olmayacaq».
Siyasi şərhçisi Azər Qasımlı isə bildirib ki, Azərbaycan iqtidarı hansı qərarı qəbul edəcək, hansı şəkildə danışıqları aparır bilinmir. «Prezident və nazir Bayramov çıxıb nəsə açıqlayırlar. Amma bu yetərli deyil».
Onun sözlərinə görə, 44 günlük müharibədən sonra Azərbaycanda və postsovet məkanında hazırda formalaşdırmaqda olan yeni bir status-kvo deməyə əsas verir ki, Dağlıq Qarabağa ərazi olaraq heç bir status verilə bilməz. «Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Orada yaşayan əhali də Azərbaycan Respublikasının vətəndaşlarıdır və onların hüquqları qorunmalıdır».
Politoloq hesab edir ki, Azərbaycanın özü demokratikləşməlidir. «Ölkədə insan haqları və azadlıqları təmin olunmalıdır, seçkilər şəffaf keçirilməlidir. Bu nöqteyi-nəzərdən həm Qarabağ ərazi olaraq, həm də digər bölgələrdə yerli özünüidarəetmə olmalıdır. Azərbaycanda mərkəzdən hər şey idarə olunmamalıdır, yerlərdə də insanların öz səlahiyyətləri olmalıdır. Yəni, geniş səlahiyyətli, xalq tərəfindən seçilmiş bələdiyyələr olmalıdır və onların geniş səlahiyyətləri olmalıdır. Həmçinin də Qarabağda».