"Azərbaycan üçün münaqişə bitib, sadəcə yekun sənədləşdirmə işləri həyata keçirilməlidir, sülh prosesi yekunlaşdırılmalıdır".
 Bunu Milli.Az-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.
O bildirib ki, Rusiyanı 5 il tamam olduqda bölgədən uzaqlaşdırmağın yollarını düşünməliyik:
"Ermənistanla Azərbaycan arasında sülh prosesinin uzadılması, Rusiyanın bu iki ölkə arasında sülh sazişinə mane olması eyni məqsədə xidmət edir. Kreml açıq şəkildə Ermənistanla Azərbaycan arasında sülhün olmasını istəmir. Bu işdə Moskvadan fərqli olaraq Avropa İttifaqı çox maraqlı idi. Aİ-nin dəstəyi ilə belə bir sülh müqaviləsi ortaya çıxmışdı, amma Moskva çox açıq şəkildə bu sazişə mane olur. 
Sərhəddəki təxribatlar, hər iki ölkə daxilində - həm Azərbaycan, həm də Ermənistan daxilindəki təxribatlar, Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazidə daima Azərbaycan ordusuna qarşı yerli əhali ilə baş verən təxribatlar, orada rus əsgərinə gül verən erməni abidəsinin aparıb Xocalıda soyqrımı yerində ucaldılması, rus şair və yazıçılarına Azərbaycan ərazisində (Xankəndində) park salınması, rus dilinin ikinci dövlət dili elan olunması, bu yaxınlarda rus dilinin tədrisi üçün filialın açılması, bundan əvvəl Marqarita Simonyanın "Qarabağ xalqı Rusiyanı istəyir, Ermənistanı istəmir" kimi sarsaq açıqlamaları, Ermənistan bayrağına nərdivan şəkli çəkib "Qarabağ" bayrağı düzəldirdilər, indi Rusiya bayrağına nərdivan çəkib Qarabağla bağlı paylaşım etmələri, - bütün bunlar onu deməyə əsas verir ki, Rusiya Qarabağı özününküləşdirmək istəyir.
Əslində Rusiya sülhməramlılarının bu ərazidə olma məqsədi Qarabağın dağlıq hissəsini ermənilər və özləri üçün nəzarətə götürməkdir. Yəni ruslar əslində erməni-Qarabağ yox, rus-Qarabağ yaratmağa çalışırlar və bu yolda müəyyən addımlar atırlar.
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin olmasına məhz ona görə qarşıdırlar ki, belə bir müqavilə olandan sonra Azərbaycan açıq şəkildə Qarabağla başabaş qalıb, öz istədiyi yenilikləri tətbiq edə bilər və Ermənistanı məcbur edə bilər ki, Qarabağdakı bu separatçı xunta rejimə dəstək verməsin, buna qarşı biz Rusiyadan açıq müqavimət görürük. 
Sadəcə Ukrayna müharibəsi Rusiyanın başını qatıb, Rusiya resuruslarından çox istifadə edir deyə Moskva bu istiqamətdə addım ata bilmir. Yoxsa Ukrayna müharibəsinə qədər olan dövrə fikir versəniz, görərsiniz ki, Ukrayna müharibəsinə kimi Azərbaycanın sülhmərmlıların müvəqqəti nəzarətindəki hissəsində təxribatların ardı-arası kəsilmirdi, - gah içkili erməni əsgəri Azərbaycanın mövqelərinə atəş açırdı, gah Azərbaycana məxsus maşınları daşa basırdılar, gah gündə bir səngər qazırdılar, gah yeni post qurmağa çalışırdılar.  Təsəvvür edin, Azərbaycanın üç kurqandan ibarət tarixi abidəsi var: onun birini dağıdıb, bunker tikiblər, birini də dağıdıb yerində post qurublar. Hansı ki, neçə min illik kurqan abidələridir. Bunlar çox dərin tarixi, arxeoloji əhəmiyyəti olan abidələrdir.
Rusiya bu məsələdə uğurlu olmağa çalışır, amma Azərbaycanın da əsas məqsədi, məramı məhz Rusiyanın Azərbaycan ərazisində işğalı qanuniləşdirməyə, daimi etməyə imkan verməmək, Rusiyanı vaxtında - 5 il müddət tamam olduqda bölgədən uzaqlaşdırmaqdır".