Portal.edu.az üzərindən ali təhsil pilləsinin doktorantura səviyyəsinin fəlsəfə doktoru hazırlığı proqramı üzrə sənəd qəbulu prosesi başa çatıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, müraciət edən namizədlər “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidməti vasitəsilə qəbul olmaq istədiyi və eyni zamanda “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş 19 dövlət qurumunun tabeliyində olan 69 təhsil müəssisəsinə müraciət göndərib.
Cari ildə doktorantura təhsil səviyyəsi üzrə ümumilikdə 1971 müraciət daxil olub. 1832 müraciət fəlsəfə doktoru üzrə, 139 müraciət isə elmlər doktoru üzrə olub. Fəlsəfə doktoru üzrə müraciətçilərin 1716 nəfəri növbəti mərhələdə olan imtahana buraxılış imkanı əldə edib.
Qeyd edək ki, elmlər doktoru üzrə müraciətlərin qəbulu 31 avqust saat 23:59-a kimi davam edəcək.