““Tərtər işi” ilə bağlı məsələlər cəmiyyətdə, ən çox da sosial şəbəkələrdə ciddi müzakirə olunur. Hüquq mühafizə orqanlarında da bu məsələyə baxılır. Bu işin araşdırılması ilə bağlı istintaq qrupunun tərkibində də dəyişiklik olub, müəyyən həbslər də həyata keçirilib. İstintaqın işinə müdaxilə etmək özü qeyri-qanuni davranışdır. Məndə olan məlumata görə, çox ciddi istintaq prosesləri getməkdədir. “Tərtər işi” ilə bağlı adı hallanan şəxslərin hərəktlərində cinayət tərkibinin olub-olmaması məsələsi çox ciddi şəkildə araşdırılır. Nəticələri özünüz də görəcəksiniz. Hər kəs tam əmin ola bilər ki, Azərbaycan hüquqi dövlətdir. Cinayətkar heç bir zaman cəzasız qalmayacaq. Bunun başqa alternativi yoxdur, ola da bilməz”.
 
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
 
O bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyev bütün sferalarda, o cümlədən məhkəmə sahəsində ciddi islahatların həyata keçirilməsinin təşəbbüskarıdır: “Bu sahədə çox obyektiv istintaq prosesləri gedəcək. Bir qədər səbr etmək lazımdır. İstintaqın işinə müdaxilə etmək də düzgün deyil. Hesab edirəm, yaxın zamanlarda istintaqın nəticələri elan ediləcək, cinayətkarlar öz cəzalarını alacaqlar. Cəmiyyətimiz bundan arxayın olsun. İstintaqın obyektiv və düzgün getməməsi, bu məsələdəki cinayətkarların cəzadan yayınacaqları ilə bağlı səsləndirilən fikirlər əsassızdır, yanlışdır”.