Tədris mövsümünün başa çatması, eləcə də yay istirahəti dövrünün başlanması Bakı metropolitenində sərnişin axınının azalmasına səbəb olur. Bu səbəbdən Bakı metropolitenində qatarlarının hərəkət qrafikində dəyişikliklər edilir.
Metropolitendən verilən məlumata görə, sonuncu dəfə yay qrafiki 2019-cu ildə tətbiq edilib. Həmin ilə qədər gur saatlar səhər saat 7:30-dan 9:30-a, axşam isə 17:30-dan 19:30-a qədər olan vaxt hesab olunub. Builki yay dövrünün mümkün xüsusiyyətləri nəzərə alınaraq, qrafikə əsas dəyişiklik gur saat prinsipinin saat 7:00-dan 21:00-a qədər tətbiq edilməsidir.
Mövsümlük yeni qrafikə görə, sərnişinlərin əsas axın saatlarında “Həzi Aslanov” stansiyasından “28 May” stansiyasına qədər və əks istiqamətdə hərəkət edən qatarlar arasındakı interval 2,5 dəqiqə təşkil edəcək. Sərnişinlərin az olduğu səhər erkən və gecə saatlarına doğru bu sahədə 3 dəqiqə və daha çox intervala hesablanmış hərəkət qrafiki tərtib edilib.
Xətlərin “28 May” stansiyasında bir-biri ilə birləşməsini nəzərə alaraq, “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” stansiyalarına doğru qatarlar arasında interval iki dəfə artıq - əsas hərəkət axını saatlarında 5, digər vaxtlarda 6 dəqiqə və daha çox olacaq.
Şənbə və bazar, eləcə də bayram günləri üçün Bakı metropolitenində qatarlar arasında interval saat 07:00-dan saat 21:00-a qədər 3 dəqiqə təşkil edəcək.