"Vilayət Quliyevi ciddi adam kimi tanıyıram. Onun bu fikirlərinə çox təəccübləndim".
Bunu açıqlamasında keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib.
P.Hüseyn bildirib ki, heç bir halda səfir Vilayət Quliyevin dediyinə bənzər fikir səsləndirməyib:
"Mənim leksikonumda "svarka" və s. söz yoxdur. Ola bilər ki, Vilayət müəllim özü nə zamansa "svarka" işi ilə məşğul olub. Bu, tamamilə yalan məlumatdır".

***
11:44
Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri, AMİP-in keçmiş üzvü Vilayət Quliyev sosial şəbəkə hesabında partiyanın ilk təsis qurultayının tarixi ilə bağlı paylaşım edib.
Hazırkı səfir, eks-AMİP-çi Vilayət Quliyevin "facebook"dakı paylaşımını təqdim edirik:
“O zaman Təşkilat komitəsinin üzvü kimi qurultayın hazırlanmasında bəndənizin də müəyyən iştirakı olmuşdu. Amma məqsəd aradan onilliklər keçəndən sonra hansısa xidmətlərdən danışmaq deyil. Sadəcə, maraqlı bir məqam yadıma düşdü.
Deməli, qələbəlik qurultay Opera və Balet Teatrının binasında keçirilirdi. Hakimiyyət adından AMİP forumuna dövlət katibi Pənah Hüseynov gəlmişdi. Prezident Əbülfəz Elçibəyin təbrikini oxudu, ölkənin ilk siyasi partiyasını şəxsən təbrik etdi.
Fasilədə direktorun otağında qurultayın rəhbər heyəti üçün nahar süfrəsi açılmışdı. Təbii ki, ofisiantlar həm qonaq, həm də vəzifəli şəxs kimi Pənah Hüseynovun ətrafında fırlanırdılar. Akademiyadan yaxşı tanıdığım Pənah bəlkə də ömründə ilk bahalı kostyumunu geymiş, dəbdə olan qalstuk taxmışdı. Amma qətiyyən iddialı görünmürdü, əksinə özünü çox sadə və səmimi aparırdı.
Görünür, şəxsinə göstərilən diqqətdən təsirlənən Pənah birdən üzünü AMİP liderinə tutub:
- Ə, Etibar, ə, bu hakimiyyət nə gözəl şeymiş, ə!- dedi. –Sən öl o kreslolarda elə oturmuşuq ki, heç bir qüvvə bizi ordan qoparda bilməz! Heç svarkaynan da kəsib ayıra bilməzlər.
Etibar da hazırcavalıq nümunəsi göstərdi:
- Qorxma, dedi. –Sizi heç kəs kreslodan dartıb qoparmayacaq. Elə kresloqarışıq atacaqlar bayıra!”. 
Qeyd edək ki, Vilayət Quliyev vaxtilə AMİP-in təşkilat komitəsinin və Siyasi Şuranın (1992-1993-cü illər) üzvü olub.