“Cənab Prezident dünən 3 rayona yeni icra başçısı təyin etdi. Hər zaman olduğu kimi bir daha yeni icra başçılarına öz tövsiyələrini, tapşırıqlarını verərək qeyd etdi ki, onlar ilk növbədə bir-bir kəndləri gəzməli, xalqın içində olmalı, xalqa ləyaqətlə xidmət etməlidirlər. Yalnız dövlət maraqları hər şeyin fövqündə dayanmalıdır. Məlumdur ki, şəxsi maraqlara üstünlük verənlərin, rüşvət və korrupsiya yolunu seçənlərin aqibəti necə olur. Bir neçə rayonun icra başçıları həbs edilib. Eyni zamanda onların bəzilərinə hökm çıxarılıb, bəziləri haqqında istintaq işləri gedir. İstənilən halda bilməlidirlər ki, cinayət cəzasız qalmır”.
Bu sözləri Prezident İlham Əliyevin “Hakimiyyət təmizlənir” ifadəsini şərh edən Milli Məclisin deputatı Elman Nəsirov deyib. Onun sözlərinə görə, ölkədə bütün sahələri əhatə edən islahatlar kursu həyata keçirilir.
“Dövlət başçısı bir daha vurğuladı ki, ölkəmizdə çox ciddi islahatlar kursu həyata keçirilir. Bu islahatlar bütün sahələri əhatə edir. Eyni zamanda kadr islahatları da bura daxildir. Yeni kadrlar vəzifələrə təyin olunur və bu proses davamlı xarakter alır. İlk növbədə vətənpərvər, milli mənəvi ruhda tərbiyə almış, ümumbəşər dəyərlərə hörmətlə yanaşan, peşəkar, sədaqətli, bir neçə xarici dil bilən, müasir texnologiyalardan istifadə etməyi bacaran kadrlar yüksək vəzifələrə təyin edilir. Onların qarşısına bir məqsəd qoyulub ki, xalqa ləyaqətlə xidmət göstərsinlər. Cənab Prezident söylədi ki, hakimiyyətdə bu cür kadr dəyişiklikləri gedir. Kadr dəyişikliyi, hakimiyyətdə təmizləmə, dediyim kriteriyalara uyğun gəlməyən kadrların uzaqlaşdırılıması məqsədilə aparılır. Hakimiyyətin təmizlənməsi köhnə dövrlə yaşayan, bəlkə də özünün əvəzolunmaz olduğunu düşünən, qanunun aliliyini qorumayan kadrlarla vidalaşmaqdır. Ona görə də, dövlət başçısı yeni təyin olunan icra başçılarının timsalında tapşırıqlarını bütün məmurlara verdi”,- deyə deputat bildirib.