Bu ilin iyul ayında Azərbaycanın beynəlxalq hava limanları 578 min sərnişinə xidmət göstərib.
"Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 87% çoxdur.
O cümlədən ay ərzində beynəlxalq reyslərlə uçan 482 min nəfər sərnişinə xidmət göstərilib ki, bu da illik müqayisədə 2 dəfədən çoxdur.
Heydər Əliyev Beynəlxalq Aeroportunun baza aviadaşıyıcıları - AZAL və onun aşağı büdcəli törəməsi - "Buta Airways" qeyd edilən müddətdə beynəlxalq reyslərdə 211 min sərnişinə, yəni beynəlxalq daşımaların 44%-nə xidmət göstərib.
İyulda Bakı hava limanına 30 xarici aviaşirkət müntəzəm uçuşlar həyata keçirib. Həmçinin bu ay Aktobedən Bakıya "Qazaq Air” şirkətinin birbaşa reysləri açılıb.
İyul ayında Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna Moskva, İstanbul, Antalya, Dubay, Tbilisi, Ər-Riyad, Abu Dabi, Şərcə, İzmir və Dammam daxil olub. Bu istiqamətlər üzrə ümumilikdə 300 min nəfərə xidmət göstərilib.