“Radikal müxalifətin dilinin əzbəri olan bir ifadə var: “Hakimiyyət bizə toplaşmaq, fikrimizi azad ifadə etmək üçün məhdudiyyətlər qoyur, imkan vermir ki, mövqeyimizi ifadə edə bilək”. Bəri başdan söyləyək ki, hakimiyyətin heç bir zaman belə niyyəti olmayıb, belə məqsəd güdməyib. Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun var. Azərbaycan hüquqi dövlət olduğundan bu qanun da digər qanunlar kimi işlək vəziyyətdədir. Problem başqa şeydədir. AXCP sədri Əli Kərimlinin şəhərin mərkəzində yerləşən “Caspian Plaza” iş mərkəzində 2 saat yarım çıxış etməsinə şərait yaradılıb. Orada istədiyi adamlarla görüşüb, fikirlərini səsləndirib. Yenə də reallıqdan uzaq mövqe ortaya qoyub. Əsas üzləşdikləri problemin mahiyyətini isə açmayıb”.
 
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
 
Deputat bildirib ki, radikal müxalifətin əsas problemi sosial bazasının olmamasıdır: “Radikal müxalifətin radikal kəsiminin sosial bazası yoxdur. Sosial bazası olsa idi, dünyanın harasına desəydiniz, gedib mitinqini keçirib, sözünü deyərdi. Qaradağ rayonunda onların mitinq keçirmələri üçün şərait yaradılıb, stadion verilib. Amma ora getməyə adamları yoxdur. Əli Kərimli insanları mitinqə çağırır, insanlar onun ardınca getmir. Əsas problem bundadır. İki saat yarım ərzində dövlətimiz, dövlətçilyimiz əleyhinə fikirlər səsləndirməkdənsə, iqtidari hər şeydə ittiham etməkdənsə, bu sualın üzərində baş sındırsanlar ki, niyə xalq onların ardınca getmir, onlara etimad göstərmir? Xalq cəmi bir dəfə 1 il müddətində onların bu hakimiyyətinə, əslində isə hakimiyyətsizliyinə dözdü, cəmi 1 il çəkdi. Bundan sonra xalq heç bir zaman onları yaxın qoymaz. Çünki onların mahiyyətlətrini bildi. Gördü ki, onlar əslində öz fəaliyyətləri etibarilə anti-millidirlər. Xalqın da gözü tərəzidir. Əli Kərimli heç vaxt deməsin ki, ona şərait yaratmırlar, imkanları buxovlanıb, məhdudlaşıb. Bax, elə ötən gün 3 saata yaxın ərzində “Caspian Plaza”da özünün fikirlərini, düşüncələrini özünə yaxın əhatə ilə bölüşmək imkanına malik olub. Əli Kərimlinin guya azad fikrini ifadə etməklə bağlı maneələri var, qarşısına sədlər çəkilib. Son çıxışı elə bütün dediklərinin yalan olduğunu, həqiqətlə daban-dabana ziddiyyət təşkil etdiyini bir daha sübuta yetirdi”.