Məlumat üçün qeyd edək ki, bu gün qeyd etdiyimiz Zəfər Günü - İkinci Qarabağ müharibəsində qələbə şərəfinə qeyd edilən gündür. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir. 

Adətən yazırlar ki, M.S.Qorbaçovun başladığı  siyasət nəticəsində 1988-ci ildə başlanan Ermənistan-Azərbaycan münaqişəsi 44 günlük Müharibədə Azərbaycanın qələbəsi, Ermənistanın təslim aktına qol çəkməsi ilə nəticələndi. Bu problemə səthi yanaşmadır. Nə Qorbaçov, Nə Brejnev-filan..? 
Bu problemin, münaqişənin kökü  I Pyotra qədər gedib çıxır. Bəli, bu savaşın tarixi  200 il əvvələ gedib çıxırdı. Belə ki, Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Qafqaza köçürülməsi bir az əvvələ gedib çıxır. Və köçürülən ermənilər azərbaycanlıların dədə-baba torpaqlarında məskunlaşırdılar. 
Bir az da dəqiq desək, 1724-cü ilin noyabrın 10-da Birinci Pyotrun fərmanı ilə ermənilərin Xəzər dəniz sahillərinə, Dərbəndə, Bakıya, Qarabağa köçürülməsinə  başlanılıb. Və Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar.
Məşhur rus diplomatı və yazıçısı A. S. Qriboyedov yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər … onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar”. 
Hətta Amerikalı alim Castin Makkartini yazılarında Cənubi Qafqazda, daha doğrusu Azərbaycanda erməni koloniyalarının yaradılması haqqında bunları demişdir: “1828 və 1920-ci illər arasında yerlərdə əhalinin demoqrafik tərkibini ermənilərin xeyirinə dəyişmək siyasəti nəticəsində iki milyondan çox müsəlman məcburi olaraq yaşadıqları ərazilərdən sürgün edilmiş və dəqiq məlum olmayan sayda insan isə qətlə yetirişmişdir…” 
Təsəvvür edirsiniz,  200 il əvvəl 40 min, 90 min erməni bizim torpaqlara köçürülüb. İndiki dövrlə müqayisədə, bu böyük düşmən kütləsi deməkdir. Sonradan 1877-1878-ci illərdə daha 70 min erməni, 1895-1896-cı illərdə isə 60 min erməni bizim torpaqlara köçürülmüşdür. 
Biz  bayram günü uzun-uzadı  tarixi faktları sadalamaq istəmirik. Amma  tarixə geniş prizmadan yanaşmaq lazımdır. Ki, həqiqət ortaya çıxsın. 1988-də  başlanan müharibə əslində 200 illik müharibənin davamı idi. Və ən dəhşətlisi odur ki, biz bir millət olaraq bu 200 illik müharibədə uduza-uduza, torpaqlarımızı itirə-itirə gəlmişik. 
Düzdür, epizodik olaraq qələbələrimiz də olub, hətta mənfur ermənilərin geydirmə generalı Andranikin qulağını da kəsmişik. Amma son nəticədə  100 minlərlə insanımız həlak olub, torpaqlarımızı itirmişik. Və nəhayət 114 min kv ərazidən  87 min kv əraziyə qədər balacalaşmışıq. Ən dəhşətlisi odur ki, 1988-ci ildən sonra 100 minlərlə azərbaycanlı Qərbi Azərbaycandan qovuldu, məhv edildi, üstəlik Qarabağı itirdik və hələ üstəlik Kəlbəcəri, Laçını, Qubadlını, Zəngilanı, Cəbrayılı, Füzulini, Ağdamı tərk etməyə məcbur olduq.  Adam bu cümlələri yazanda yenidən dəhşətə gəlir. Və hətta həyasız ermənilər bizi Gəncəni, Bakını almaqla hədələyirdi. Aydın oldumu real vəziyyət...? 
İndi asanca deyirik ki, 44 günlük savaş. Xeyir, bu 200 illik savaşın son nəticəsi idi.  Və nəhayət 200 ildən sonra Allahın izni, şəhid və qazilərimizin şücaəti, Müzəffər Ali Baş Komandanın sərkərdəlik qabiliyyəti nəticəsində torpaqlarımızı azad edə və ermənilərin belini qıra bildik. Bu məqamda qardaş türk xalqının, qardaş Türkiyə və Pakistan dövlətlərinin bizə mənəvi dəstəyini unutmalı deyilik. 
Onu da qeyd edək ki, bu qələbəyə nail olmaq üçün uzun yollar keçdik. İlk öncə 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndərimiz xalqla birgə Azərbaycanı ayağa qaldırdı, ölkədə sabitlik yarada bildi, inkişaf başladı, Neft müqavilələri bağlandı, ölkə iqtisadi cəhətdən dirçəlməyə başladı, Vahid ordu yaradıldı. 2003-cü ildən isə Ulu Öndərin yolunu ləyaqətlə davam etdirən Prezidentimiz cənab İlham Əliyev xalqa arxalanaraq Ordunun müasir silahlarla təmin edilməsini həll etdi və ən əsası dünyada diplomatik üstünlüyə nail oldu, bir çox dövlətləri bizim haqq işimizə inandıra bildi, dünyada güclü müttəfiqlər qazandıq. Və sonda  44 günlük savaşdan sonra dünya bizim qələbəmizi qəbul etməyə məcbur oldu. Bu təkcə bizim qələbəmiz deyil, Cənubi Azərbaycandakı qardaşlarımızın, bütün Türk dünyasının qələbəsidir. Bu qələbə Azərbaycanı dünyada sayılıb-seçilən dövlətə çevirdi.   
Zəfər Bayramımız mübarək !
                                                           YENİEKİNCİ.AZ