Son illər bayağı musiqilərin kütləviləşməsi, peşəkar, səviyyəli musiqini üstələməsi narahağlıq doğurur. Kimi bu işdə gənc müğənniləri, kimi bəstəkarları, kimi sosial şəbəkələri günahlandırır. Bəziləri gənclərin pul verib peşəkar bəstəkarlardan mahnı almaq istəmədiyindən gileylənir. 
Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Roza Zərgərli sənətdə olduğu 23 il ərzində daim bəstəkarlardan mahnı aldığını bildirib:
"Sözsüz ki, hər bir ifaçının portfoliosunda peşəkar bəstəkarın bəstəsi olmalıdır. İnsanlar fəqlidir, hansısa sənətçi istəyir pul verib mahnı alır, istəməyən almır. Əslində bütün bunlarla prodüserlər, müğənni ilə işləyən yaradıcı heyət məşğul olmalıdır, amma bu gün hamısı ilə biz özümüz məşğul oluruq.
Mən özümdən misal gətirəcəyəm, gəncliyimdə də, elə indi də hər zaman peşəkar bəstəkarlardan mahnı almışam. 23 ildir ki, bu belədir. Hətta elə də olub ki, bəstəkarlar sırasında durmayan, çox gənc, bəstəkarlıq etmək istəyən həvəskar şəxslərdən də mahnı almışam. Bu insanın özündən asılıdır".
Sənətçi gənclərin professional bəstəkarlardan mahnı almamasının səbəbinin "trend"ə düşmək olduğunu deyib. O, bu gün ifa edən gənclərin çoxunu "birgünlük ulduz" adlandırıb:
"Bu gün gənclər sözsüz ki, peşəkar bəstəkarlardan mahnı almayacaqlar, çünki onlar trend olmayacaq, günün tələbinə xas olmayacaq. Trend üçün daha yüngül musiqi lazım olduğundan onlar "gündəlik bəstəkarlar"dan mahnı alırlar.
 Hazırda ifaçılar "birgünlük ulduz"durlar, ona görə mahnıları yaddaqalan olmur. Oxuduqları "birgünlük mahnılar"dır. Elə əsərlərimiz var ki, 60-70 il əvvələ aiddir, amma yenə də nəsildən-nəsilə keçir, böyüklərimiz oxuyub, sonra biz oxumuşuq. Çünki onlar həqiqi əsərdirlər, lakin bu gün tez-tez mahnı yazdırıb klip çəkdirənlər, trendə düşənlər artıq bilmirəm nələrdirlər. Bunun da bir dövrü var, vaxt var idi ki, müğənnilər qalmaqal edirdilər, bir-biri ilə bəhsə-bəhs edirdilər. İndi də bu "trendlər"in, gündəlik mahnıların dövrüdür. Hər halda, bu da bitəndən sonra yeni nə isə çıxacaq. Bunun nə ilə bağlı olduğunu bilmirəm.
Bizlər - şou-biznesin köhnə heyəti olan müğənnilər ildə 2-3 hit mahnımıza, mükəmməl işimizə klip çəkdiririk. Lakin bu gün gənclər hər mahnısını lentə alır. Bu onların seçimidir, bəlkə də onlar düz edirlər, bilmirəm..."