"Yoluxma sayı kəskin artarsa, o zaman karantin rejiminin sərtləşdirilməsi istisna edilmir”.

Gündəlik Bakı xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanda xüsusi karantin rejiminin dekabrın 1-dək uzadılmasından danışarkən deyib. Millət vəkili qeyd edib ki, bir sıra Avropa ölkələri yenidən sərt karantin tədbirlərinə başlayıb:
 



"Belə görünür ki, yoluxma sayının artması dünyanı yenidən sərt karantinə qayıtmağa məcbur edir”.

Bəs Azərbaycanda yenidən sərt karatinin tətbiqi məqsədəuğundurmu?

Deputat ölkəmizin haqq savaşı apardığı və bu vacib məqamlarda real sektorun arxa cəbhə kimi fəaliyyətinə daha çox ehtiyac duyulduğu bir zamanda sərt karantin rejiminə qayıtmağı məqsədəuyğun hesab etmədiyini bildirib:

"Digər tərəfdən sərt karantin bütün hallarda məşğulluğa təsir göstərir və özəl sektorda iş yerinin sayını azaldır. Bu baxımdan özəl sektorun mövcud qaydalar ilə fəaliyyətini davam etdirməsi daha məqsədəuyğundur. Amma yoluxma sayı kəskin artarsa, o zaman karantin rejiminin sərtləşdirilməsi istisna edilmir. Deməli, sərt karantin tətbiq edilib-edilməməsi də hər birimizdən asılıdır”.

Vüqar Bayramovun fikrincə, yoluxma sayının minimumlaşdırılması üçün pandemiya qaydalarına əməl edilməsi çox və əvvəl olduğundan da vacibdir.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə qərar verib. Qərara əsasən ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 dekabr 2020-ci il saat 06:00-dək uzadılıb.