"Görünən odur ki, Şuşaya doğrudan da bir nəfəs qədər yaxınıq".

BunuQaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımlı Türkiyənin "Habertürk” saytının yazarı, professor Kürşad Zorlunun məqaləsində Prezident İlam Əliyevin "Azərbaycan Ordusu Şuşaya bir nəfəs qədər yaxındır” fikrini şərh edərkən deyib. Onun sözlərinə görə, bu həftə Şuşa işğaldan azad olunacaq:
 



"Cəbhə xəttində vəziyyət belədir. Laçın, Şuşa, Xocavənd, Qırmızı bazar, o cümlədən də Ağdərəyə də bir nəfəs qədər yaxınıq. Bu şəhərlərin çox yaxın zamanda alınma, yəni işğaldan azad olunması ehtimalları yüksəkdir. Hazırda əsas döyüşlər bu rayonların əhatəsində gedir. İndi qızğın döyüşlərin də getdiyini görmürük. Düşünürəm ki, noyabrın 4-ü, ya da 5-də Azərbaycan ordusu Laçını çıxmaq şərti ilə bütün cəbhə boyu bu istiqamətlərdə hücuma keçəcək. Bu bir proqnozdur. Bilirsiniz ki, bu gün Amerikada prezident seçkiləri keçirilir. Sabah səhər Azərbaycan vaxtı ilə saat 12:00-da artıq seçkidə kimin qalib gəldiyi elan ediləcək. Məhz həmin dövrdə Qarabağda da genişmiqyaslı döyüşlərin gedəcəyi ilə bağlı gözləntilərim var. Həmin bu istiqamətlərdə geniş hücum olacaq. İlk növbədə də Şuşada..."

Politoloq qeyd edib ki, Şuşa Azərbaycan ordusu üçün ən birinci, ən vacib hədəfdir:

"Görünən odur ki, Xocavənd, Ağdərə, Qırmızı bazar və s. bu istiqmələrə də Azərbaycan əsgərləri yaxınlaşıb. Şuşanın bu günlərdə işğaldan azad olunma ehtimalı çox yüksəkdir. Şuşa Qarabağın ürəyidir. Şuşa azad olunacaqsa, artıq Qarabağ azad olunmuş sayılır. Bundan sonra bir neçə həftə ərzində Qarabağda erməni ordusu deyilən bir şey qalmayacaq".

Azər Qasımlı hesab edir ki, əslində erməni ordusunun 60% artıq yoxdur:

"Həqiqət budur, ermənilərdə vəziyyət kritikdir. Onlar müharibəni hansısa yolla saxlamaq məcburiyyətinə qalacaqlar. Təbii ki, özləri danışıqlara gedib daha əvvəl Azərbaycan tərəfinin qoyduğu şərtləri qəbul edəcəklər. Videolara baxırıq, cavan-cavan adamları, qızları, hətta uşaqları belə orduya alırlar, Qarabağa döyüşə göndərməyə hazırlaşırlar. Əslində bu Ermənistan rəhbərliyinin özünün erməni xalqına qarşı bir cinayətidir. Bərdəyə, Gəncəyə raket atıb, mülki əhalini vurdular. Bu bizə qarşı hərbi cinayətdir. Amma indi onların etdikləri artıq erməni xalqına qarşı cinayətləridir. Çünki hava məkanı tamamilə Azərbaycanın nəzarəti altındadır. İkincisi isə Ermənistan ordusunun 60%-i artıq yoxdur. Bir qismi məhv edilib, bir qismi də yaralanıb. 50 min ordusu varsa, bəlkə də çoxu ya məhv edilib, ya da yaralanıb, hazırda döyüşə bilmir. Belə bir vəziyyətdə Azərbaycan tərəfinin şərtlərini qəbul etməmək, cavan qadınları, uşaqları müharibəyə göndərmək erməni genofonduna qarşı cinayətdir. Çünki o uşaqlarla Qarabağı geri ala bilməyəcəklər".

Qeyd edək ki, noyabrın 2-də Türkiyə Respublikasının keçmiş Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olub. Həmin heyətin tərkibində olan Türkiyənin "Habertürk” saytının yazarı, professor Kürşad Zorlu da olub. Kürşad Zorlu "Şuşaya bir nefes kadar yakınız!” adlı bugünkü məqaləsində yazır: "Görüşdə Türkiyə nümayəndə heyətinin rəhbəri Binəli Yıldırımın İlham Əliyevə ünvanladığı "Şuşada durum necədir” sualına Azərbaycan Prezidenti belə cavab verib: "Azərbaycan Ordusu Şuşaya bir nəfəs qədər yaxındır”,- deyə Kürşad Zorlu qeyd edib.