Oktyabrın 19-dan etibarən koronavirus pandemiyası ilə əlaqədar metro fəaliyyətini dayandırdı. Bununla əlaqədar olaraq, Bakı Nəqliyyat Agentliyi (BNA) Tədbirlər Planı hazırladı və sərnişin sıxlığı ilə əlaqədar gündəlik xəttə çıxan avtobusların sayı artırıldı.
BNA-dan verilən məlumata görə, metro fəaliyyətdə olan zaman xəttə 1 800-ə yaxın avtobus çıxarılırdı:
“Metro fəaliyyətini dayandırması ilə bütün yük avtobusların üzərinə düşdü. Bu zaman adi rejimlə müqayisədə xəttə çıxarılan avtobusların sayı 15-20%-ə qədər artırıldı. Bu gün gündəlik olaraq xəttə həm ekspress, həm də müntəzəm marşrut xətləri üzrə 2 100-2 200 avtobuslar buraxılır. Bununla yanaşı, hər gün axşam əlavə 100-ə yaxın ekspress avtobusları da xəttə çıxarılır. Bundan başqa, BNA metro 14 sentyabrın – 19 oktyabrın müddəti ərzində epidemioloji vəziyyəti nəzərə alaraq express xətlərin fəaliyyətini dayandırmadı, baxmayaraq ki, bu gün bizim təcili dəyişdirməli olan xətlərimız var. Ələt, Sahil, Qaradağ, Hövsan istiqamətində dəyişməli olan xətlərimız var. Hövsanda Yeni Yaşayış massivində sosial mənzillər salınıb, həmin istiqamətdə yeni xətlərin açılmasını planlaşdırırdıq. Biz yenə də ekspress xətlərin fəaliyyətini bir gün də olsa dayandırmadıq. Ekspress xətləri metro fəaliyyət göstərən zaman da sərnişinlərin xidmətində idi”.
Vurğulanıb ki, müntəzəm marşrut xətlərində mövcud olan sıxlıqla bağlı təcrübə də göstərir ki, avtobusların sayının artırılması vəziyyətdən çıxış yolu deyil, əvvəlki karantin müddəti ilə müqayisə etdikdə axşam saatlarında müşahidə edilən sıxlığın xüsusiyyəti başqadır:
“Axşam saat 21:00-da komendant saatı da qüvvəyə minir. Yollarda, 42 küçə və prospektlərdə aparılan araşdırmalar göstərir ki, nəzərəçarpacaq qədər sıxlıq müşahidə edilir. Hər gün saat 17:30-dan sonra nəqliyyat vasitələrinin sayı 25-30% artır. Axşam pik saatlarında yaranan sıxlıqların səbəbləri var. Həmin səbəblərdən biri nəqliyyat vasitələrinin qanunsuz parklanmasıdır ki, ona qarşı da mübarizə aparırıq. Eyni zamanda, sürücü davranışlarına görə sıxlıqlar müşahidə edilir. Hərəkət zolağının tələblərinin pozulması sağdan-sola, soldan-sağa gərəksiz manevirlərin olması yolda olan bütün vəziyyətlər avtobusların hərəkətinə mane yaradır. Bu gün metro və avtobuslardan başqa alternativ ictimai nəqliyyat növlərimiz yoxdur. Gündəlik 2 mln sərnişin səfər sayının tamamı avtobuslarla icra edilir”.